“Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin içimizə uzanan barmaqları hələ də öz işindədir” – Əziz Ələkbərli ilə MÜSAHİBƏbackend

Milli Məclisin deputatı Əziz Ələkbərli Azsiyasət.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Əziz müəllim, bəzi şəxslər Türkiyə sülhməramlılarının Qarabağa gəlməsini doğru addım hesab etmirlər. Məsələn, deputat Rasim Musabəyov və keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov buna ehtiyac olmadığını bildirirlər. Ümumiyyətlə, indiki situasiyada bu şəxslərin qalmaqallı mövqe ortaya qoyması təsadüfdür, yoxsa nə? Hətta R.Musabəyov belə bir ifadə də işlətdi: “Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq”. Siz necə düşünürsünüz? Türk ordusu hansı səbəblərə görə Qarabağda olmalıdır?

– Mən inanmıram ki, bu gün Azərbaycanda siyasətdən az-çox başı çıxan elə adam ola ki, Türkiyə sülhməramlılarının Qarabağa, ümumiyyətlə Türkiyə qoşunlarının Azərbaycana gəlməsindən narahat ola. Ola bilər kim isə fikrini bir qədər düzgün ifadə edə bilməyib, yaxud kim isə bilərəkdən hansısa cümləni kontekstdən çıxarıb kimisə ləkələmək istəyir. Türkiyə qardaş ölkədir və Vətən müharibəsinin bütün gedişi ərzində Türkiyə dövlətinin siyasi, Türkiyə vətəndaşının mənəvi, Türkiyə mediasının informasiya dəstəyi həmişə göz qabağında olub. Bunu kim inkar edə bilər? Siz özünüz də etiraf edirsiniz ki, deputat R.Musabəyov “Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması”ndan bəhs edib. Onda gəlin bunu müzakirə edək. Yoxsa ki, “Qarabağda ermənilərin yaşadıqları yerlər” demək, heç də bütövlükdə Qarabağ demək deyil, axı. Qarabağ çox geniş ərazidir. Hətta bəziləri bunu guya kiminsə “Türkiyə qoşunları Azərbaycanda olmamalıdır” deməsi kimi də yozur. Bu, birbaşa təxribatdır. Ümumiyyətlə, mən son zamanlar bəzi qüvvələrin məqsədli şəkildə “qaşınmayan yerdən qan çıxarmaq” cəhdini hiss edirəm. Xüsusilə deputatların çıxışları tez-tez qərəzli şəkildə təftiş və təhrif olunur. Halbuki bu 44 gün ərzində deputatların əksəriyyətinin nə gecəsi oldu, nə gündüzü, deputatlar düşmənə qarşı informasiya mübarizəsində cənab Ali Baş Komandanın ən etibarlı əsgərləri kimi əllərindən gələni etdilər, efirdə, ölkə və xarici mediada minlərlə çıxışlara imza atdılar. Başda sədr Sahibə xanım olmaqla, Milli Məclisin bütün aparatı gərgin işlədi. Amma görünür, kimlərsə bütün bunları həzm edə bilmir. Bu da təbiidir. Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsini həzm edə bilməyən dövlətlərin içimizə uzanan barmaqları hələ də öz işindədir. Hər kəs bilsin ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və bu birliyə, bu qardaşlığa heç bir qüvvə xələl gətirə bilməz.

– Ermənistanda Paşinyan devrilsə, bu, Qarabağdakı ümumi vəziyyətə necə təsir edə bilər? Nəzərə almaq lazımdır ki, hazırda Ermənistanda hakimiyyətə iddialı bəzi siyasətçilər gələcəkdə güclənərək Azərbaycan və Türkiyədən qisas alacaqlarını da iddia edirlər.

– Bu gündən sonra Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, nə bölgədə, nə də Qarabağda heç nəyi dəyişə bilməz. Əksinə, ya ağıllarını başlarına yığıb Azərbaycanın regionda açdığı və açacağı böyük qardaşlıq süfrəsinin qırağında oturub qırın-qırtıdan yeyəcəklər, ya da bu 44 gündə aldıqları dərsin on qatını alacaqlar. Ermənistanın gələcəkdə güclənib Azərbaycan və Türkiyədən qisas alacaqları fikri də nağıldır. Növbəti erməni nağılı. Artıq dünya çətin ki, belə nağıllara inansın, elə Ermənistanda da belə nağıllara inananların sayı getdikcə azalacaq.

– Müharibə bitdi, qələbə əldə etdik. Amma bizi qarşıda mühüm, ağır mərhələ gözləyir. Qarabağ abad edilməlidir, ümumilikdə, ölkə ərazisində daha möhkəm iqtisadi-sosial inkşafa nail olunmalıdır. Müharibənin nəticələri aradan qaldırılmalıdır. Əhalinin sosial rifah halı yaxşılaşdırılmalıdır. Nələrə diqqət etməliyik, hansı addımları atmalıyıq?

– Bu 44 günlük müharibədə əldə etdiyimiz qələbə möhtəşəm oldu. Biz təkcə döyüş meydanında qələbə çalmadıq, həm də ruhumuzda, düşüncəmizdə qələbə çaldıq. Biz təkcə işğal altındakı 20 faiz torpaqlarımızı təzədən qazanmadıq, biz həm də milli birliyimizi qazandıq, müzəffər ordumuzu qazandıq, xalqı, ordunu və hakimiyyəti dəmir yumruq kimi birləşdirən Ali Baş Komandanımızı qazandıq. Bundan sonra bu xalqın, bu dövlətin qarşısında hansı çətinlik dayana bilər? Müharibə başlayanda hamı Qarabağa döyüşə getmək istəyirdi, müharibə başa çatıb, indi yenə də hamı Qarabağa getmək istəyir. Amma bu dəfə Qarabağı abadlaşdırmaq üçün, Qarabağda işləmək üçün, Qarabağda yaşamaq üçün. Hər kəs hiss elədi ki, bu illər ərzində Azərbaycan orduya nə qədər vəsait sərf edibmiş. Bununla belə, Azərbaycan bütün sahələr üzrə durmadan inkişaf edib, böyük iqtisadi yüksəliş yolu keçib. Həm də bunu ərazilərimizin beşdən biri işğal altında, əhalimizin beşdən biri qaçqın, köçkün vəziyyətində olarkən edib. Amma indi ərazilərimiz beşdə bir nisbətində artıb, o ərazilərdə azı bir milyon insan məskunlaşacaq, yüz minlərlə insan istehsala cəlb ediləcək. Həm insanlarımız varlanacaq, həm də dövlətimiz. İnsanların sosial rifahı isə həmişə dövlətin diqqət mərkəzində olub, bundan sonra daha çox olacaq. Hər kəs əmin olsun ki, müharibənin nəticələri qısa vaxtda aradan qaldırılacaq və məcburi köçkünlərimiz öz dədə-baba ocaqlarına geri dönəcəklər. Bütün bunlar dövlətin qəbul edəcəyi Böyük Qayıdış planı çərçivəsində həyata keçiriləcək.