Azərbaycanın Rus İcması: Laçın yolu açıqdır və blokadanın olması barədə deyilənlər saxtadırbackend

Bu gün biz, Azərbaycanın Rus İcmasının nümayəndələri, həmçinin Azərbaycanın Rus Gəncləri Assosiasiyası nümayəndələri, bura – Laçın yoluna gəlmişik ki, bizim ekofəallara dəstək olaq.

Bunu Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina deyib.

O xatırladıb ki, Laçın Xankəndi yolunda artıq 50 gündən yuxarıdır dinc etiraz aksiyası davam edir. Onun sözlərinə görə, həmin gündən etibarən Azərbaycanın Rus İcması ekofəalların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanın Qarabağ regionundakı faydalı qazıntı yataqlarının artıq 30 ildən yuxarıdır ki, talan olunmasının qarşısını almaq istiqamətindəki aksiyasını aktiv şəkildə dəstəkləyir.

“Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan Qarabağda Azərbaycana məxsus ekoloji zonaların talanını davam etdirdi, bu sərvətlərin talan olunması ekoloji terrora çevrildi. İşğaldan azad olunmuş ərazilərə səfər edənlərin hər biri 30 illik işğalın oradakı nəticələrini, o cümlədən meşələrin yandırılması, faydalı qazıntı yataqlarının talan olunmasını görə bilər. Xoşbəxtlikdən 44 günlük müharibədən sonra biz əvvəllər erməni işğalı altında olan ərazilərdə bu kimi addımların qarşısını ala bildik, lakin burada, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yataqların qanunsuz istismarı davam edir. Bu səbəbdən də biz aktiv şəkildə çıxış edərək bildiririk ki, ilk növbədə faydalı qazıntı yataqlarının qanunsuz şəkildə talan olunması dayandırılsın və ikinci növbədə Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunsun. Biz bu yaxınlarda bura gəlmişik və olduğumuz müddət ərzində deyə bilərik ki, Laçın yolu humanitar yüklərin daşınması üçün açıqdır və burada guya blokadanın olması barədə deyilənlərin hamısı saxtadır və reallıqlara uyğun deyil. Biz həqiqətən də istəyirik ki, bu aksiyada iştirakımız Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsinə xidmət göstərsin. Və biz ümid edirik ki, beynəlxalq qurumlar, digər dövlətlər, Avropa ölkələri Azərbaycanın regionda daimi sülhə nail olmağa yönələn cəhdlərini dəstəkləsinlər. Bundan əlavə, onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın Rus İcmasının üzvləri təşkilatın yarandığı gündən (1993-cü ildə) indiyə kimi Azərbaycan hökumətinin çoxdan gözlənilən sülhü bərpa etmək üçün atdığı addımları dəstəkləyir. Azərbaycanda çox sayda rus əsilli vətəndaş var, hansılar ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı azad etmək üçün 44 günlük müharibədə Azərbaycanda yaşayan digər etnik qrupların nümayəndələri ilə birlikdə çiyin-çiyinə döyüşüblər. Biz vahid Azərbaycan xalqıyıq, biz hər zaman bir olmuşuq, birik və bir olacağıq və çalışacağıq ki, bizim səylərimiz multikultural, çoxmillətli cəmiyyətin inkişaf etməsinə yönəlsin”, – icma rəsmisi qeyd edib./APA