Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza- Baş nazir Əli Əsədov tariximizin önəmli məqamlarından yazdıbackend

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Prezident, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi ilə bağlı “Azərbaycan” qəzetində məqalə ilə çıxış edib.

“Yeni Gündəm” xəbər verir ki, Baş nazir məqaləsində bildirib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan ötən əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin ən şərəfli dövrünü yaşayır:

“Bu yolun başlanğıcı çox mürəkkəb və keçməkeşli oldu: ölkəmiz siyasi, iqtisadi, sosial böhran keçirdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, torpaqlarımız işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Məhz bu ağır dönəmdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı.

Ölkədə ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edildi, köklü islahatlar aparıldı, dövlət idarəçiliyinin möhkəm təməli yaradıldı. Həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan Ulu Öndər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakar mübarizəsinin nəticəsini görə bilmədi. Axıra çatdıra bilmədiyi bu taleyüklü məsələni isə onun siyasi varisi İlham Əliyev həll edib, Ulu Öndərə və əziz xalqına övladlıq borcunu yerinə yetirdi, son iki yüz illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran müzəffər dövlət başçısı, qalib sərkərdə kimi əbədi şöhrət qazandı… Ömrünün 60-cı ilində bu şöhrət də, xalqın tükənməz sevgisi də cənab İlham Əliyevin halal qisməti, çoxşaxəli ictimai-siyasi və dövlətçilik fəaliyyətinin nəticəsidir”.

Baş nazir məqaləsində regionla bağlı bir sıra önəmli məqamlara da toxunub. Xüsusilə də Qarabağ zəfəri ilə bərabər  Azərbaycanın diplomatik masadakı qələbəsindən də bəhs edən  Əli Əsədov hazırda üzərində müzakirələrin aparıldığı işğaldan azad edilən ərazilərin mina xəritəsi ilə bağlı məsələni də vurğulayıb. Baş nazir bildirib ki, təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir:

“Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyat, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub.

Bu gün Azərbaycan təcrübəsində ərazilərin tammiqyaslı bərpasının nadir nümunəsi həyata keçirilir və bütün işlər Strateji Fəaliyyət Planına uyğun olaraq, vahid konsepsiya əsasında aparılır. Qardaş Türkiyə və digər dost dövlətlər Azərbaycana bərpa-quruculuq işlərində böyük dəstək verirlər. “Biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” – cənab Prezidentin bəyan etdiyi məqsəd belədir. O, 1994-cü ilin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının baş icraçısı olduğu kimi, bu gün də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2021-ci ildən başlanan “Əsrin tikintisi”nin baş icraçısıdır. Prezident İlham Əliyevin birinci xanım Mehriban xanımla və övladları ilə tez-tez Qarabağa, Şərqi Zəngəzura səfər edib,  bərpa-quruculuq işləri ilə yerində tanış olması bu torpaqlara daimi sakinlərin, yurd həsrətinə son qoyulmuş həmvətənlərimizin tezliklə qayıdacaqlarını rəmzləşdirir”.

Baş nazir məqaləsində onu da qeyd edib ki, Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” həqiqətini reallığa çevirdi, nəinki işğalçıların “bufer zona” kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi:

“Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə yaşayan ermənilər isə gec-tez öz gələcək talelərini müəyyənləşdirməli olacaqlar.

Hazırda isə dövlətimizin başçısının və onun rəhbərliyi ilə hökumətimizin diqqəti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, bərpa-quruculuq işlərinin sürətlə aparılmasına yönəlsə də, sosial-iqtisadi inkişaf tədbirləri, ümumiyyətlə, respublikanın hər yerində eyni templə davam etdirilir. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Prezident fərmanı tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafını nəzərdə tutur. İqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə  qarşılıqlı şəkildə uzlaşdırır.

Bu tarixi fərman özünün iqtisadi mənası ilə bərabər, böyük siyasi əhəmiyyətə  də malikdir. Belə ki, hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir”.

Müharibədən sonra Azərbaycan prezidentinin diplomatik uğurları və haqq səsimizi dünyaya çatdırmasından da bəhs edən Baş nazir bildirib ki, Azərbaycan Prezidentinin bölgəmizdə dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır:

“Hərçənd hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var. Dövlətimizin başçısının bu günlərdə  Avropa İttifaqının

Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxtı Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ömrünün ən gözəl çağında, möhtəşəm dövlətçilik  fəaliyyətinin məhsuldar dövründədir. Xalqın qəhrəmanı olmaq və ata vəsiyyətini yerinə yetirmək, otuz ildən sonra Qarabağın, Şərqi Zəngəzurun günbəgün dirçəldiyini görmək onun taleyinə yazılmış çox böyük xoşbəxtlikdir. Dövlətimizin qüdrətli rəhbərinin, xalqımızın qəhrəman liderinin bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə çatdıracağına əminik”.

Musavat.com