Azərbaycanın tibbi maska istehsalına başlaması müsbət haldırbackend

“Dünyada baş verən məlum koronovirus pandemiyasının yayılması ilə bağlı, ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığının yaşandığı bir vaxtda Azərbaycanda bu istiqamətdə ciddi işlər görülür”. Bunu “Şans” Regionlara Dəstək İctimai Birliyinin rəhbəri Natiq Heydərov bildirib.

O deyib ki, bu istiqamətdə həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə Prezidenti əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşaraq aidiyyəti dövlət qurumlarına tapşırıqlar verib, qısa müddətdə dövlətin dəstəyi ilə özəl şirkətlər tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular”.
O qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri bu sahəyə olan həssas yanaşmanın bariz nümunəsi idi: “Ölkə Prezidentinin bu məsələyə belə diqqət və qayğı ilə yanaşması QHT-lər tərəfindən yüksək qiymətləndirilir”.