“Azərbaycanla Ermənistan yeni hərbi toqquşma astanasındadır” – Politoloq backend

Azərbaycanla Ermənistan yeni hərbi toqquşma astanasındadır.İran Ermənistanı hərbi kəşfiyyat məlumatları ilə təmin etmək üçün canfəşanlıq göstərir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Politoloq Aqşin Kərimov bildirib.

O hesab edir ki, İran Azərbaycana qarşı rəsmi və qeyri-rəsmi səslərini qaldıraraq ortaya yeni fikir atır.

“Fikrin motivini iqtisadi-ticari məsələlərdə üstünlük əldə etmək və bununla Azərbaycana təzyiq etmək üçün rıçaqlar qazanmaq təşkil edir.

TƏKLİF:

– İran ərazisindən keçərək Naxçıvana gedən nəqliyyat vasitələrinin sürücüləri əlavə yanacaq pulu ödəsinlər.

Böyük ehtimal ki, bu təklifi, Azərbaycanın Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində qurduğu postlara cavab olaraq qüvvəyə mindirmək istəyirlər.

Hərçənd ki, İranda təklif edilən rejim tətbiq olunsa belə, onun effektivliyi olmayacaq.

İranın Azərbaycan əleyhinə kampaniyasını hərbi təhdidlərlə davam etdirir.

İranın Azərbaycanla sərhədə qoşun cəmləməsi haqqındakı məlumatlar təsdiqini tapmır, ancaq Tehran Azərbaycanla sərhəddə kəşfiyyat uçuşlarının sayını artırdığı dəqiqləşir.

Mümkündür ki, İran səmadan əldə etdiyi görüntüləri Azərbaycan-Ermənistan hərbi eskalasiyası ssenarisini göz önündə tuttaraq İrəvana verməyi hədəfləyir.

Ancaq real döyüş şəraitində həmin məlumatların İrəvana yardım edəcəyini düşünmək yanlışdır, çünki bütün parametrlər üzrə hərbi güc balansındakı nisbətdə Ermənistan Azərbaycanın yanında çox sönük görünür.

Maraqlıdır ki, İran səsini ucaltdıqca, Azərbaycanın xarici siyasətdəki mövqeyi, o cümlədən onun İsraillə əlaqələrini dərinləşdirməsinin qarşısını almaqda aciz qalır.

Belə olan təqdirdə İran Türkiyənin köməyinə ehtiyac duyur. Yəni molla rejimi Azərbaycanın prinsipial mövqeyində dayandığını gördükdən sonra Türkiyə vasitəsilə narahatlıqlarını çatdırıb mübahisələri həll etmək üçün inandırıcı dəlillər təqdim etməyə çalışır.

Deməli, İranın hədələrinin bir qismi blef, digər qismi isə real ölçüləri özündə ehtiva edə bilən tendensiya kimi nəzərə çarpdırılır.”-deyə o qeyd edib.

Fərahim Rəhimov