“Azərbaycanla İran arasında gərginlik aradan qalxıb” – Ceyhun Bayramovbackend

İran XİN başçısı Azərbaycana ilk rəsmi səfərini etdi. Lakin daha əvvəl də bizim iranlı nazirlə üç görüşümüz olub”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, iranlı həmkarı ilə baş tutmuş görüşlərdə ölkələr arasında münasibətlərin inkişafı müzakirə edilib: “Sirr deyil ki, bir müddət əvvəl iki ölkə arasında gərginlik, müəyyən anlaşılmazlıqlar oldu, lakin bu, qısa müddət ərzində aradan qalxdı. Aşqabadda İran və Azərbaycan dövlət başçıların səmimi görüşü oldu, geniş spektirli məsələlər müzakirə olundu. Bakı görüşündə siyasi məsləhətləşmələrin ən azı 6 aydan bir keçirilməsi barədə razılıq əldə olundu. İran və Azərbaycan XİN sözçüləri arasında kommunikasiya yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda, iqtisadi layihələr və onların reallaşması barədə fikir mübadiləsi apardıq. Bunların bəziləri artıq həyata keçirilməkdə olan layihələrdir ki, biz onların daha intensivləşdirilməsi barədə razılıq əldə etdik.

Astara çayı üzərində avtomobil və piyada körpüsünün tikintisi, Rusiya-Azərbaycan-İran dəhlizi ilə bağlı işlərin intensivləşdirilməsi, enerji sistemlərinin inteqrasiyası və s. Həmçinin yeni layihələr – Türkmənistan qazının İran üzərindən nəqli, İran-Azərbaycan-Gürcüstan dəhlizi üzrə işlərin sürətləndirilməsi müzakirə olundu”.