Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və möhkəm dostluq üzərində qurulub – TƏHLİLbackend

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və möhkəm dostluq üzərində qurulub. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistana səfəri bu əlaqələrin inkişafında yeni bir mərhələ açmış oldu.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri tarixi əhəmiyyətə malik olan bir səfər oldu.

“Bu səfər Azərbaycanın və Özbəkistanın çoxəsirlik tarixində, iki xalqın və dövlətin tarixində yeni bir səhifə açdı”, – deyə deputat bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. “Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir”, – deyə deputat bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində sonra yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli strateji hədəfləri reallaşdırmaq üçün mühüm tədbirlər həyata keçirir:

“Məhz bu , konteksdə Mərkəzi Asiya reqionunda yerləşən dost və qardaş Özbəkistana səfəri dövlət Başçımızın diplomatik müstəvidə növbəti uguru olmuşdur. Bu səfər ölkələrimiz arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə və əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə imkan verəcək.

Bildiyiniz kimi , Özbəkistan Vətən Müharibəsi zamanı dost və qardaş ölkə kimi rəftar etmişdi və öz dəstəyini ifadə etmişdi. Tarixi Zəfərimizdən sonra isə ölkəmiz üçün prioritet olan məsələdə, azad olunmuş ərazilərin bərpa olunmasında da öz fəallığını nümayiş etdirir və hazırda Füzulidə məktəb tikintisini həyata keçirir.

Bununla yanaşı, Avrasiyada məkanında mühüm geosiyasi proseslər cərəyan etdiyi bir zamanda bu səfər həm də, türk dünyası üçün də yeni perspektivlər açıb. Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə türk dünyasında həmrəyliyinin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına da mühüm töhfə verir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputat Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti səfəri və orada keçirilən görüşlər iki dövlət arasındakı münasibətlərin daha da möhkəmlənməsi və inkişafı baxımından olduqca önəmlidir.

“Ölkə Prezidentlərinin görüşündə də ikitərəfli münasibətlərin tarixi, keçmişi və perspektivi haqqında geniş bəhs olundu və həmin münasibətlərin bu günki səviyyəsi yüksək qiymətləndirildi.

Özbəkistan 44 günlük Vətən Müharibəsində Azərbaycana öz mənəvi dəstəyini göstərib və müharibədən sonrakı dövrdə də həmin dəstək davam edib. İşğaldan azad edilmiş Füzuli şəhərində məktəbin tikintisi ilə bağlı təşəbbüs qeyd etdiyim dəstəyin nümunələrindən biridir və cənab Prezidentin söylədiyi kimi: bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri də prioritet təşkil edir. Həmin münasibətlər bu gün də var və daha öncəki səfərlər çərçivəsində əldə olunmuş razılaşmaların icrası tamamlanandan sonra daha da genişlənəcək.

Özbəkistan ruhən də, fikrən də, strategiya baxımından da Azərbaycana çox yaxındır və bu münasibətlərin bir çox istiqamətlərdə vahid düşüncəyə, eyni amala köklənməsi dövlətlərimiz, xalqlarımız arasındakı dostluğun, qardaşlığın təməl prinsipini təşkil edir”, – deyə deputat əlavə edib.