Azərbaycanlı deputat NATO PA-nın sessiyasında iştirak edəcəkbackend

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək.

“Yeni Gündəm” xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirak edəcək.

Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlığının gücləndirilməsi”, “Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlığının genişləndirilməsi”, “Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar”, “NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi” və digər mövzularda məruzələr dinləniləcək.

Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, NATO-nun Əfqanıstandakı ötən dövrdəki fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Deputatımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək, Azərbaycan tərəfinin mövqeyini səsləndirəcək.