Azərbaycanlı milyarder “qara siyahı”ya salındıbackend

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Rusiyalı iş adamları və digər rəsmi şəxslər daxil olmaqla 40 nəfər Kanadanın “qara siyahı”sına salınıb.

Sanksiya tətbiq olunanlar arasında “Lukoyl” şirkətinin keçmiş rəhbəri, Azərbaycan əsilli Rusiya vətəndaşı Vahid Ələkbərovun da adı yer alıb.

Bundan əlavə, “Sberbank”ın idarə heyətinin sədr müavini Olqa Qolodets, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov, general Şarip Delimxanov, Dövlət Dumasının deputatı Adam Delimxanov da sanksiyalara məruz qalıb.

Qeyd edək ki, bir müddət əvvəl milyarder Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb. Onun yerinə 20 ildən artıq “Lukoyl”da çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

Vahid Ələkbərov şirkətdə 29 il işləyib. O, 1993-cü ildə “Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.

Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.