Azərbaycanlı mütəxəssisdən korona ilə bağlı sevindirici xəbər: Yaxın vaxtlarda… – MÜSAHİBƏbackend

“Hesab edirəm ki, sözügedən infeksiyaya görə ölkəmizdə aparılan əhatəli, çoxsaylı önləyici mübarizə tədbirləri sayəsində yaxın vaxtlarda virus xəstəlik törətmə qabiliyyətini büruzə vermək iqtidarında olmayacaq”.

Bunu publika.az-a müsahibəsində Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova deyib.

Müsahibəni təqdim edirik:

Azərbaycanlı mütəxəssisdən korona ilə bağlı sevindirici xəbər:

– Ölkəmizdə koronavirusa yoluxma hallarının artım tempi nə ilə əlaqədardır?

– Əfsuslar olsun ki, son günlər ölkəmizdə COVID-19 virusunun artım tempi sürətlənib. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Təbii ki, ən ümdəsi ölkədaxili yayılma ilə əlaqəlidir. Xatırladaq ki, yoluxma öncə xariclə əlaqəli idi. Fikrimcə, bunun əsas səbəbi bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmaması, “evdə qal” şüarına yetərincə əməl edilməməsidir. Qoruyucu maskalar ya geyilmir, ya da düzgün istifadə edilmir. Şəxsən mən işə gedib-gələrkən, yollarda bunun şahidi olmuşam. Xəstəliyin əksər hallarda asimptomatik və yüngül formada keçdiyini nəzərə alsaq, yayılma təhlükəsini anlamaq olar. Yoluxma əmsalını (təqribən 5-dir) minimuma endirmək üçün sosial məsafə mütləq gözlənilməlidir.

– Sizcə, sağlam şəxslər maska taxmalıdır?

– Əvvəllər sağlam şəxslərin tibbi maskadan istifadəsi barədə fikir müxtəlifliyi hökm sürürdü. Belə ki, onların maska geyinməsinin əleyhdarları əksəriyyət təşkil etdi və bu da nəticə etibarı ilə əhali arasında xeyli çaşqınlığa səbəb oldu. Son günlər isə etibarlı mənbələrdən maskanın sağlam şəxslərə də faydalılığı bərəsində fikirlərə prioritet verildi. Bu virus ölçüsünə görə olduqca böyükdür (diametri 400-500 nanometrdir). Bu baxımdan məntiqə varsaq, maska prinsipcə çox gözəl filtr rolunu oynayır.

– Qorxunun xəstəliyə hansı formada təsiri var?

– İnsanlar onları psixoz hala düşürəcək qədər COVID-19-dan qorxurlar. Lakin qorunmaq üçün ciddi hərəkət etmirlər. Bu yerdə Şərq təbiblərinin hökmdarı sayılan psixodiaqnostikanın banisi İbn Sinanın kəlamından yan keçmək olmaz: “Panika və qorxu xəstəliyin yarısıdır”.

– Bu infeksiyanın vaksini niyə hələ də tapılmayıb?

– Bəlli olduğu kimi, bu günə qədər maksimal effekti tam təmin edən spesifik müalicə və profilaktik vasitə olmasa da, dünya alimləri bu yönümdə səylə elmi-tədqiqat işləri aparırlar. Sırf vaksinə gəldikdə isə öncə ÜST rəsmisinin bu barədə ən son fikrini nəzərə çatdırmaq istəyirəm: “Heyvanlar üzərində peyvəndlərin tətbiqi uğurla nəticələnir. Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danışmaq olar”.

Məlumdur ki, COVID-19 yeni tip infeksiya olduğuna görə onun bütün bölümləri – etiologiya, patogenez, klinik mənzərə, profilaktika və s. tam öyrənilməyib. Bu, təbii ki, uyğun peyvəndin hazırlanmasına da aiddir. Bu infeksiyadan da təhlükəli və ciddi infeksion xəstəliklər var ki, onlar hələ də “idarə olumayan infeksiyalar” qrupunda qalmaqda davam edirlər. Başqa sözlə ifadə etsək, onlara qarşı peyvənd icad edilməyib.

Düşünürəm ki, hələlik tibbi vaksin hazır olmasa da, ÜST tərəfindən tövsiyə edilmiş mənəvi vaksinimiz var: “Ortaq insanlığımız ortaq vaksinimizdir!”.

– Sizcə COVID-19 nə vaxt təsirini itirməyə başlayacaq?

– Ümumiyyətlə, infeksion xəstəliklərin yayılmasında yüksəliş, zirvə nöqtəsi və eniş kimi qanunauyğunluqlar mövcuddur. Hesab edirəm ki, sözügedən infeksiyaya görə ölkəmizdə aparılan əhatəli, çoxsaylı önləyici mübarizə tədbirləri sayəsində yaxın vaxtlarda virus xəstəlik törətmə qabiliyyətini büruzə vermək iqtidarında olmayacaq. Üstəlik bu infeksiya digər kəskin respirator virus infeksiyalarının bir üzvü olduğuna görə ona ən çox qış mövsümü xasdır (istisnalar inkar edilmir).

– Son olaraq vətəndaşlarımıza sosial izolyasiya tədbirləri ilə bağlı nəyi tövsiyə edərdiniz?

– ÜST-ün tövsiyələrinə uyğun olaraq bu bəladan qurtulmağın əsas yolları olan evdə qalma, izolyasiya və şəxsi gigiyena (əl və respirator) kimi üsullara tam məsuliyyətlə yanaşmaq lazımdır. Qədim yunan mütəfəkkiri Epikürün təbirincə desək, “insan olmaq önündəkinin məsuliyyətini hiss etməkdir”. Bu mənada gəlin, yekdilliklə cavabdehlik hissini unutmayaq və ciddi olaq! Dövlətimiz tərəfindən qəbul edilən bütün əhəmiyyətli qərarlara, tövsiyələrə, göstərişlərə, çağırışlara riayət etmək tələb olunur. Son olaraq məhəbbətin bütövlükdə geniş spektrli bir anlayış olduğunu nəzərə alıb, düzgün anlaşılacağına inanaraq bu günlərdə rast gəldiyim, günümüzlə səsləşən orijinal bir ifadəyə, əslində gözəl bir şüara yer verirəm: “Bu arada görüşməmək səni sevirəm deməkdir! Bu son olsun!” Bəli, məhz sosial məsafəni gözləmək bu infeksiyadan qorunmağın etibarlı vasitələrindən biridir.