Azərbaycanlı partiya sədrindən şok açıqlama: “Ermənilərin də bu torpaqda yaşamağa haqqı var”backend

“Azərbaycanda bir kommunist partiyası var, o da bizik”, deyən partiya sədri Rauf Qurbanov Qarabağ məsələsinin çözümünə kommunistlərin biganə qalmadığını bildirdi.

Rauf Qurbanov Bizim.Media-nın Kommunist Partiyasının bu hadisələr zamanı görünmədiyindən və ermənilərlə bundan sonra hansı şəraitdə yaşamaq mümkünlüydən bəhs edən suallarına da çox nikbin yanaşma sərgilədi:

“Bu fərdi ev deyil ki, qonşun xoşuna gəlmir, köçüb, gedəsən. Bu tarixi torpaqlarda biz yaşamışıq, əzəli torpaqlarımızdır”.

”O cümlədən ermənilər də ora gəlib məskunlaşıblar, onların da orada yaşamağa haqqı var. O qədər millətlər olub ki, bir-biri ilə yüz illər müharibə aparıb və sonradan sülh, xalq diplomatiyası ilə o düşmənçilik unudulmasa da, tarixin arxivinə gömülüb”.

”Hesab edirəm ki, azərbaycanlılar olaraq ermənilərlə birgə yaşaya bilərik və yaşayacağıq. Hal hazırda Azərbaycanda 30 mindən artıq erməni əsilli insan yaşayır”.

”Azərbaycanlı ilə erməni Gürcüstanda eyni kənddə yaşaya, Rusiyada qonşu ola, birgə bizneslə məşğul ola bilirlərsə, bu Azərbaycan ərazisində niyə mümkün olmasın?”

”Məgər yaşamırdıq? Mən özüm Gəncəliyəm. Gəncədə ikinci çast deyilən yerdə, çayın o biri tərəfində yaşayanların çoxu erməni idi”.

”Bizim onlara, onların bizə qarşı heç bir ədavəti yox idi. Mehriban bir ailənin üzvləri kimi yaşamışıq. Respublikanın digər yerlərində də bu belə idi”.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov sonda əsl kommunist nidası ilə vurğuladı ki, “bəhs olunan ədavət xalq diplomatiyası yolu ilə özünün müsbət sülh tərəfini tapacaq. Azərbaycanlılarla ermənilər bir coğrafi məkanda yaşamağa məhkumdurlar və yaşayacaqlar”.