“Azəriqaz” sahibkarı qazsız qoydu, indi də bərpa etmir – FOTObackend

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bu ilin mayın 18-də Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsi 2945-ci məhəllədə yerləşən ticarət obyektinə verilən  təbii qazı kəsib və indiyədək bərpa etməyib.

Bu barədə Pravda.az-a obyektin sahibi Fuad Heydərli məlumat verib.

Sahibkar bildirib ki, qaz xətti 2013-cü ildə layihəyə əsasən çəkilib: “O vaxtdan bu ilin mayın 18-dək obyektə təbii qaz verilib. Qazı kəsəndə Prezident İlham Əliyevin həmin ərazidən keçəcəyi ilə əsaslandırdılar. Bildirdilər ki, xətt 2 günə bərpa ediləcək. Artıq 3 aydır ki, obyektimiz qazsız qalıb. Bu da bizim işimizə ciddi şəkildə mənfi təsir edir. “Azəriqaz”a rəsmi müraciət etdim, cavabsız qaldı. Telefon vasitəsilə hər dəfə əlaqə saxlayanda da deyirlər ki, yaxın günlərdə problem aradan qalxacaq. Amma günlər keçir, heç bir reaksiya olmur. Aidiyyatı qurumlardan xahiş edirəm, bu məsələnin həllində köməklik göstərsinlər”.