“Azərişıq” ASC “Bakı şəhəri, H.Əliyev Mərkəzinin yaxınlığı, Olimpiya stadionunun dayanacağında və Ağ Şəhər ərazisində quraşdırılacaq elektrik doldurma məntəqələrinin elektrik təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
“Yeni Gundem” xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” MMC olub.
Qalib şirkətlə 5 168 832 manat məbləğində müqavilə imzalanıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞANS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.06.2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 64, qanuni təmsilçisinin isə Abbasov Səyavuş Şahid oğlunun olduğu göstərilir.
Fəaliyyəti ilə bağlı heç bir məlumat olmayan “Şans Construction” MMC -yə il ərzində milyonlarla manat dövlət sifarişi vermiş “Azərişıq” ASC-də bu ilk hal deyil. ASC-nin bağladığı bütün satınalma müqavilələrində bu kimi hallara yol verilir. Satınalmaların təşkilinə nəzarət edən dövlət qurumu olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu hallara sadəcə göz yummaqla kifayətlənir.
Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.