“Azərişıq” ASC-nin əməkdaşı şəhid oldubackend

“Azərişıq” ASC-nin vətən müharibəsində döyüşən daha bir əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səhmdar Cəmiyyətin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Ağdaş Rayon Enerji Təchizatı və Satışı idarəsində sürücü kimi çalışmış Ağdaş rayonu Şıxlı kənd sakini 1995-ci il təvəllüdlü  Osmanov Əyyub Azər oğlu şəhid olub.

Sentyabrın 29-da vətənin müdafiəsinə yollanan Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən qəhrəmanın nəşi ötən gün ailəsinə təhvil verilib.

Xatırladaq ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqları azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 6-ı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.