“Azərlotereya” ASC küçələri qumarxanalara çevirib: Əhali fırıldaqla NECƏ SOYULUR?backend

Bu gün Bakı “Azərloterya” ASC-nin mədəni qumar layihələrinə görə xəstədir.Dərd təzə deyil. Amma dərdi təzələmək də böyük faciədir. Bu gün Bakı meydanları qumarla doludur. Daha doğrusu 1 manatlıq kağız-kuğuz töküntüləri ilə…

Paytaxtımızı bu günə qoyanlar kimlərdir?

Aylardır ki, media susmur. Amma eşitməyənlər qulaq kirlərindən əziyyət çəkməkdən ləzzət alırlar.

Nökər ağasının qorxusundan heç bir iş görməz.

Ona görə birbaşa “Misli” və “Poz Qazan” və ya digər qumar tullantılarından nəsə demək təqdirəlayiq deyil.

Ağa “Azerlotereya” olduğuna görə onun fəaliyyətini araşdıraq.

“Yeni Gundem” ölkəmizi mədəni qumar mərkəzinə çevirənləri bir-bir araşdırdı.

“Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır. Həm də biraz məntiqsiz feildir. Əgər fəxr edəcəyin qumarbazların varsa, bunu hamıya sübut etməlisən.

Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub.

“Azərlotereya” kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metro stansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib onu alırlar.

2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə qayda-qanun yaradılacağına ümid edilirdi. Qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında monopoliya əvəz etdi və başqa bazar iştirakçılarını sıxışdırıb məhv elədi. Və özbaşına qaldı, rəqabətsizlik mühitində meydan suladı, lotereya həvəskarının isə seçim etmək imkanları qalmadı.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Yazıq xalq yenə yazığ olur.

Bu xəstəlikdir. Beləliklə Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Lakin bu virus nə Covid19, nə onkoloji xəstəlikdir, onun adı “Poz, qazan”, ”Misli” qısa və konkret qumardır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir.

“Azərlotereya” ilə bağlı araşdırmalarımız davam edir.

Fərahim Rəhimov

Yenigundem.az