“Azərlotereya” tənqid edildi – “İnsanlar qumara cəlb olunur, qurum bundan milyonlar qazanır, hamısı ləğv edilməlidir”backend

“Önəmli olan budur ki, Azərbaycan müsəlman ölkəsidir. Əhalinin 95%-dən çoxu müsəlmandır. Belə bir ölkədə qumar rəsmiləşdirilib, qumara icazə verilib. İnsanlar qumara cəlb olunur, ani uduşlu lotereyalara, bəxt oyunlarına təşviq olunur, milyonlarla pul qazanırlar. Gənclərimizi, insanlarımızı pis vərdişlərdən qorumaq əvəzinə, əksinə, gənclərdə, yaşlılarda, xanımlarda, bəylərdə belə zərərli vərdişlərin formalaşmasına rəvac veririk. Nədir-nədir, kimlərsə bundan pul qazanacaq. Əvvəl də demişəm, bir daha təkrar edirəm, Azərbaycanda bu cür bəxt, qumar oyunları ləğv olunmalıdır. “Misli”, “Topaz”, futbol, mərc oyunları… Ümumiyyətlə, mərc oyunları Azərbaycanda qanunla qadağan olunmalıdır. Bu, nə dinimizə, nə mental dəyərlərimizə uyğun deyil. İnsanların kasıblığından, yoxsulluğundan istifadə edib belə zərərli, günah işlərin yayılmasına rəvac vermək olmaz…”

 

Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı metrostansiyaların çıxışlarında “Azərlotereya”nın kütləvi satışına münasibət bildirərkən deyib.

“Ağ Partiya olaraq hər zaman qeyd etmişik ki, bütün qumar oyunlarının ləğvinin tərəfdarıyıq. Gələcəkdə, yəqin ki, bu məsələni bir daha qaldıracağıq. Heç kimə sirr deyil ki, bu gün hətta öz bağından iki kilo almanı belə gətirib Bakının hansısa küçəsində satmaq istəyəndə ona maneə olurlar – ya bələdiyyə, ya mənzil-kommunal istismar sahəsinin işçiləri, polis, aidiyyəti icra hakimiyyəti qurumları… Sadə insanların küçədə məhsul satmasına icazə vermirlər, amma “Azerlotereya”ya kütləvi satışa şərait yaradırlar. Mümkün deyil ki, bütün metroların çıxışlarında, yaxud insanların kütləvi hərəkət etdikləri istiqamətlərdə səyyar satış məntəqələri olsun və bundan heç kimin xəbəri olmasın. Çox böyük güman ki, aidiyyəti qurumlara rüşvət, yaxud nələrsə verilib, ona görə də göz yumulur”, – partiya sədri bildirib.