“Azərlotereya” yaşlı nəslin nümayəndələrini necə tora salır?backend

“Azərlotereya” ASC lotereya biletlərinin satışını həyata keçirdiyi ünvanlarda daha çox yaşlı insanları ələ alır.

“Yeni Gündəm” xəbər verir ki, bu iddia Busaat.az-ın redaksiyasına daxil olan vətəndaş məktubunda qeyd olunur.

Bildirilir ki, hətta bununla bağlı lotereya işçilərinə müvafiq tapşırıqlar da verilib.

Belə ki, iddialara görə “Azərlotereya” ASC biletlərin satışını həyata keçirən bir qrup şəxs yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq onları lotereya bileti almağa dəvət edir. Onlar almaq istəmədikdə, müxtəlif variantlarla bileti almağa təhrik edirlər.

Bütün bunların kənardan izləyicisi olduğunu bildirən vətəndaş məktubunda qeyd edir ki, gün ərzində bu hal dəfələrlə təkrarlanır.

“Azərlotereya” kitab satışının qadağan olunduğu yerlərdə biletləri necə sata bilir?

Şikayətdə qeyd olunur ki, paytaxt küçələri, ictimai iaşə obyektləri, metro stansiyalarının giriş və çıxışları “Azərlotereya” ASC tərəfindən açıq-aşkar zəbt olunub.

Şikayətçi həmin ərazilərdə kitab satışının qadağan olunduğunu bildirərək, qumarxanaların fəaliyyət göstərdiyindən narahat olduğunu vurğulayıb.

Onun sözlərinə görə, lotereya biletlərini almağa məcbur edilənlər arasında gənclər də mövcuddur. Bu isə “Azərlotereya” ASC-nin Azərbaycan gəncliyini, ölkəmizin gələcəyini ancaq və ancaq məhv etməyə hesablanıb.

Yeniyetmə və gənclərdən qumarbazlar yaradan “Azərlotereya”nın məqsədi nədir?

Vətəndaş məktubunda qeyd edir ki, bu gün lotereya biletlərini almağa məcbur edilən yeniyetmə və gənclər sabah qumar oyunlarının alətinə çevrilə biləcək potensial şəxslərdir. Onun sözlərinə görə, “Azərlotereya” ASC bununla da gənclər arasında asılılıq və aludəçilik yaradır.

Beləliklə, “Azərlotereya” ASC həm yaşlı nəslin nümayəndələrinin, həm də yeniyetmə və gənclərin qənimin çevrilib.