AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı – FOTObackend

Avropanın ən böyük sənaye klasteri olan “SAHA İstanbul”un baş katibi İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

“Yeni Gündəm” xəbər verir ki, səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə AzTU və “SAHA İstanbul”da görülən işlər haqqında ətraflı məlumat verilib. Həmçinin müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Daha sonra AzTU ilə “SAHA İstanbul”arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “SAHA İstanbul”un baş katibi İlhami Keleş imzalayıblar.

Əməkdaşlıq protokoluna əsasən, tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, klasterləşmə prosesində bacarıq və imkanların bölüşdürülməsi, universitetin beynəlxalq layihələrdə, sərgi və yarmarkalarda iştirakının təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində “SAHA İstanbul”da AzTU tələbələri üçün təcrübə imkanı da təmin ediləcək.

İmzalanma mərasimindən sonra qonaqlar AzTU-nun laboratoriyaları ilə tanış olublar.