AzTU-da unesco’nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda konfrans keçirilibbackend

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində AzTU-da “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda konfrans keçirilib. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Bakı və Sumqayıt Şəhər Təhsil İdarələrinin rəhbər şəxsləri, həmçinin mühəndis kadrların hazırlığını həyata keçirən universitetlərin nümayəndələri və tələbələri, dövlət və özəl qurumların təmsilçiləri, müstəqil ekspertlər iştirak edib.

Konfrans iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd mühəndislik təhsilində və mühəndislik yönümlü peşə sahələrində qızların iştirakının artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə qadınlar üçün fürsətlərin və çətinliklərin müəyyən olunmasıdır. Azərbaycanda layihənin təbliği, şagird və tələbə qızların bu istiqamətdə maarifləndirilməsi mühüm amildir. Rektor deyib ki, hazırda mühəndislik təhsilində qızların iştirak faizinin aşağı olması məsələyə kompleks yanaşmanın vacibliyini ortaya qoyur. Mühəndislik təhsilində şagird və tələbə qızların iştirakının genişləndirilməsi zamanı onların valideynlərinin də bu istiqamətdə məlumatlandırılmasının mühüm amil olduğu bildirilib.

Daha sonra layihə üzrə mütəxəssis Günel Ağabəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə rəisi Tural Məmmədov, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədr müavini Əfqan Məmmədov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və başqaları qadınların cəmiyyətdə rolunun vacibliyindən danışıblar. Qeyd olunub ki, qadınların digər sahələrdə olduğu kimi mühəndislik peşəsində də uğurlara nail olmaları üçün sistemli fəaliyyət həyata keçirilməlidir. O da diqqətə çatdırılıb ki, bu istiqamətdə mövcud problemlərin həllinə nail olmaq dayanıqlı inkişafa da töhfə verəcək.

Daha sonra konfrans panel iclaslarla davam edib.