AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib – FOTObackend

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Dövlət Universiteinin (BDU) kafedra müdiri, millət vəkili Anar İsgəndərov, “Yaşat” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov və universitet nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar universitetin foyesində nümayiş olunan kitab və rəsm sərgilərinə baxıblar. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan 44 günlük Vətən müharibəsi ordumuzun gücünü dünyaya nümayiş etdirib. Bu müharibədə ilk dəfə müasir texnologiyalardan istifadə olunması da dünya hərb tarixində yenilik idi. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, artıq tanklar və toplarla deyil, müasir texnologiyadan istifadə etməklə düşmən üzərində qələbə qazanmaq mümkündür. Vilayət Vəliyev qeyd edib ki, Vətən müharibəsində universitetin 250-dən çox tələbə və məzunu da ön sıralarda xidmət edib. Onlar arasında 32 nəfər şəhidlik zirvəsinə yüksəlib. Rektor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti, Rəşadətli Ordumuzun gücü, əzmi və qüdrəti nəticəsində Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Daha sonra çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Bakı Dövlət Universiteinin (BDU) kafedra müdiri, millət vəkili Anar İsgəndərov, “Yaşat” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin bir illiyi münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, 44 gün ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Ordumuz cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vururdu, hər gün işğalda olan ərazilərimizin azad olunması xəbəri verilirdi. Bütün ölkə Prezident İlham Əliyevin xalqa müraciətlərini səbirsizliklə gözləyirdi.

O da bildirilib ki, 44 gün ərzində Azərbaycan ordusu öz torpaqlarını erməni işğalçılarından azad etməklə yanaşı, həm də beynəlxalq hüququn tələblərini yerinə yetirib. Qalib ordunun 44 gün ərzində qazandığı qələbədən sonra işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri də bütün dünyaya Azərbaycan dövlətinin günücünü nümayiş etdirir.

Çıxışlardan sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında rəqs nömrələri təqdim olunub.

Daha sonra Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nağara qrupu musiqi kompozisiyası ilə çıxış edib.

Tədbir AzTU tələbələrin ifaları ilə başa çatıb.