Bağçaların fəaliyyəti ilə bağlı qərar veriləcəkbackend

“Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə bəzi regionlarda tədrisin forması dəyişdirilib. Təhlillər göstərdi ki, yoluxmanın 80 faizi bu regionlara- Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonuna təsadüf edir. Həmin ərazilərdə təhsil mövcud formadan distant formaya keçirilir. Bununla bağlı yaranan həyəcanı başa düşürük, lakin bu, mövcud vəziyyətdə ən optimal çıxış yolu idi”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, kollegiyanın bugünkü qərarı ümumi təhsil müəssisələrini əhatə edir: “Ali təhsil müəssisələrində tədris distant formada davam etdirilirdi. Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyətlərinə aiddir. Onlar vəziyyəti təhlil edib müvafiq qərar qəbul edəcəklər”.

Repetitorluq fəaliyyətinə gəlincə isə, V. Yaqublu bildirib ki, bu, nazirliyə aid məsələ deyil, biznes sahəsinə aiddir. Onlarla bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilir.

V. Yaqublu əlavə edib ki, məktəblərdə onlayn dərslərə nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, virtual məktəbin funksionallığının artması imkan verir ki, nazirlik mərkəzləşmiş qaydada tədris prosesinə qoşularaq nəzarət etsin.