Bahar Muradovadan koronavirusla bağlı ailələrə – Çağırışbackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ailələrə çağırış edib.

“Yeni Gündəm” xəbər verir ki, sədr müraciətində dünya ölkələrinin yeni bir çağırışla üz-üzə, insanların isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısında olduğunu vurğulayıb: “Yeni növ koronavirus – COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir. Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır.

Ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik.

Odur ki, əziz valideyinlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın. 65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.

Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza, hər zaman olduğundan, daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz!

Əziz soydaşlar! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz öz səlahiyyətlərimiz və imkanlarımız daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrimizə dəstək oluruq”.