Bakı Baş Gömrük İdarəsindən əməliyyat: Saxlanılan varbackend

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb.

Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 60 000 ədəd “Marlboro” adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.