Bakı Dövlət Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyirbackend

Sentyabrın 27-də mənfur Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini hədəf alaraq, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı.

Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Bundan sonra qüdrətli Azərbaycan Ordusu düşmənə öz gücünü göstərməyə başladı. O gündən Silahlı Qüvvələrimiz düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini, döyüş texnikasını aşkar edərək məhv edir, bizi isə 30 ilə yaxın müddət ərzində işğal altında qalmış səfalı torpaqlarımıza, istedadlar diyarımız, musiqi beşiyimiz, dilbər guşəmiz olan Qarabağımıza daha da yaxınlaşdırır, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan həsrətinə son qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, qüvvətli Ordumuzun gücü ilə tarixi ədalət bərpa olunur. Artıq Ali Baş Komandanımızın qətiyyəti və şanlı ordumuzun cəbhə bölgəsində inamla irəliləməsi sayəsində işğal altında olan Cəbrayıla, Suqovuşana, Murov zirvəsinə və 26 kəndimizə qovuşmuşuq.
Sentyabrın 27-dən bu günə qədər bir çox xarici ölkələr, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Qarabağ probleminin aradan qaldırılmasında Azərbaycanın ədalətli mövqeyini, yeritdiyi haqlı savaşı dəstəklədiklərini bildiriblər.
Biz də Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi olaraq Universitetimizdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqlı mübarizə ilə bağlı fikirlərini öyrəndik.
Jurnalistika fakültəsinin magistrantı, Misir Ərəb Respublikası vətəndaşı Ehab İsmail: Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq milyonlarla insanın taleyində iz buraxıb. Təəssüflər olsun ki, Qarabağ probleminin həll olunması məqsədilə BMT-nin qəbul etdiyi dörd qətnamə indiyədək kağız üzərində qalıb. ATƏT-in Minsk Qrupu 28 ildir ki, bu münaqişənin həlli istiqamətində heç bir nəticə əldə etməyib. Buna görə də, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması xəbəri məni çox sevindirdi, qürurlandırdı. Torpaq Vətəndir, müqəddəs dəyərdir, toxunulmazdır. Müqəddəs dəyərlərə əl uzadanların əllərini qırmaq lazımdır. Qarabağ Azərbaycandır!
Tarix fakültəsin doktorantı, Türkiyə vətəndaşı Oğuz Kağan Bayrakdar: Ermənistanın Dağlıq Qarabağa status məsələsini tələb etməsi, Azərbaycanın qədim torpağı olan Şuşa şəhərində yallı getmələri, onların işğalçılıq siyasətindən əl çəkməyəcəklərini bir daha sübut edir. Azərbaycan öz torpaqlarında vuruşur, haqlı davasını aparır. Mən də Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü böyük səbrsizliklə gözləyirəm, can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğunu hiss edirəm. Qarabağ Azərbaycandır!
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Qazaxıstan vətəndaşı Askar Müzaffar: Ərazi bütövlüyü olmadan Azərbaycanda sülh mümkün deyil. Hər kəsə məlumdur ki, 1994-cü ildən sülh danışıqları nəticəsiz qalıb. 30 il müddətində Kazan anlaşması, Madrid prinsipləri kimi razılaşmalar əldə edilmişdir. Lakin zaman göstərdi ki, Ermənistan sülh danışıqlarını bilərəkdən uzadır. Bu da onu sübut edir ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasına yeganə maneədir. Haqq yolunda olan Azərbaycanın işğal edilmiş bütün torpaqlarını azad edəcəyinə əminəm. Dünya bilsin ki, Qarabağ Azərbaycandır!
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin builki məzunu Pakistan vətəndaşı Mahmut Athar: Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və Dağlıq Qarabağ probleminə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanlı qardaşlarım bilsin ki, bir-birimizin kədərini və sevincini paylaşan ölkələr olaraq, hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Azərbaycanın uğrunda canımı belə fəda etməyə hazıram! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!