Bakı Metropolitenində nələr baş verir?backend

2020-ci ili ziyanla başa vurduğunu açıqlayan Bakı Metropolitenindən zaman-zaman yerli mətbuata şikayətlər daxil olur. Gah qatarın tuneldə ilişib qalması, gah işıqların sönməsi, gah da, gecikmələr sakinlərin haqli narazılığı ilə nəticələnir. Bir neçə gün öncə sınaq qatarının əsas tuneldə ilişib qalması isə bu dəfə sadəcə sərnişinləri deyil, həm də sabiq metropoliten işçisini özündən çıxarıb.

Adının açıqlanmasını istəməyən sabiq metropoliten işçisinin dediyinə görə, hazırda yerlatı dünyanın vəziyyəti çox qaranlıqdır. Yeddi il adıçəkilən qurumda işləyən şəxsin iddiasına görə, qatara kondisioner quraşdırıb, rəngləməklə problem həll etmək olmur: “Çünki nə relslər, nə stansiyalar, nə şpallar dəyişilməyib, nə də ki, digər texniki problemlər həll olunmayıb. Qatar da eyni zavoda məxsusdur. Sadəcə kondisioner quraşdırıb, rəngləməklə yeni kimi istifadəyə verirlər”. Əlbəttə ki, bu sabiq metro əməkdaşının səsləndirdiyi iddialardır.

Sabiq Metropoliten işçisi bildirib ki, metroda bəzi elektronlaşma aparılsa da, qatarın altına vurulan təkər cütlərindən tutmuş, mühərriklərə və “rels ramaları”na qədər hamısı köhnədir: “Yalnız dizayn və görünüş dəyişib, təhlükəsizlik məsələləri isə tam həll edilməyib”.

Metro əməkdaşının iddialarına inansaq, o zaman adıçəkilən qurumun rəhbərliyinin büdcə vəsaitlərini yığılıb qalan problemlərin həllinə yönəltməkdənsə, öz şəxsi rifahını yaxşılaşdırmağa xərclədiyini deyə bilərik. Əks halda süni üzlük daşları niyə stansiyanın yol divarlarına vurulsun ki?.

“Təsəvvür edin ki, qatar azacıq silkələnən kimi, bu daşlar yerə tökülür və təhlükə yaradır. Hətta metronun təlimatında da yazılıb ki, süni üzlük daşların stansiyanın divarlarına vurulması qadağandır. Ancaq metro rəhbərliyi bu kimi məsələləri nəzərə almayaraq yalnız öz şəxsi mənafeyini güdür” – deyə sabiq əməkdaş vurğulayıb.

Sabiq metro işçisinin sözlərinə görə, bir müddət öncə depo ərazisində xüsusi sınaq xəttinin çəkildiyi haqda məlumatlar yayıldı. Özüdə bu sınaq xətlərinin çəkilməsi milyonlarla vəsait hesabına başa gəlib: “Lakin hələ də, qatarlar sınaq üçün əsas xətlərə buraxılır. Bir neçə gün öncə sınaq qatarının əsas tuneldə qalması da bunu sübuta yetirir. Sual edilir, bəs sınaq xətlərinin aqibəti necə olub? Yəqin ki, Metropoliten rəhbərliyi bu suala və digər məsələlərə aydınlıq gətirəcək. Sınaq qatarı əsas tunelə daxil olarkən digər qatarların hərəkətində fasilə yaranır. Bu isə metro sərnişinlərinin narahatlığına səbəb olur. Bütün bunların günahı isə, Metropoliten rəhbərliyindədir. Çünki, bir-iki nəfər istisna olmaqla, hazırkı rəhbərliyin metro ilə heç bir əlaqəsi yoxdur. Kobud desək bu gün Metropolitendə “Atın qarşısına ət qoyulub”. Zaur Hüseynov isə 8 illik rəhbərliyi dövründə bir dəfə də tuneli axıra qədər getməyib ki, orada nələrin olduğunu görsün. Rəhbərlik bucürdürsə, o zaman digərlərinin necə olduğunu təsəvvür etmək çətin deyil”.

Konkret.az