Bakıda aeroportda Banqladeş vətəndaşından 20 pasport, saxta vizalar götürülübbackend

“Azərbaycan Hava Yolları”nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib.

Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.

Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanmış və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.