Bakıda “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı olubbackend

Oktyabrın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı olub.

“Yeni Gündəm” xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında reallaşan tədbirdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, bir sıra diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivalın açılışından öncə jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bu il “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan silsilə tədbirlərdən söz açıb. Bu festivalın da həmin tədbirlər silsiləsinə daxil olduğuna diqqət çəkən nazir bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərləri bu gün də aktuallığını qoruyur. Qeyd edilib ki, bu festivalla həmin əsərlərin yer aldığı “Xəmsə”dən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə qonaqlar Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcək.

Festivalın əhəmiyyətinə toxunan nazir deyib ki, məqsəd xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

“Azərbaycan ictimaiyyətini üç gün ərzində saat 20:00-da bu audiovizual görüntüyə baxmağa dəvət edirik. Noyabr ayının axırı Nizami Gəncəviyə həsr ediləcək həftə keçirməyi planlaşdırırıq. Bu həftə ərzində ölkəmizdə görkəmli şairə ithaf edilən tamaşalar, konsertlər və təqdimatlar da keçiriləcək”, – deyə nazir əlavə edib.

Sonra qonaqlar xronometrajı altı dəqiqə olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında “Xəmsə”nin motivləri üzrə çəkilmiş audiovizual görüntüyə baxıblar.

Qeyd edək ki, 3D audiovizual proyeksiya formatında reallaşan festival oktyabrın 14-dən 16-dək davam edəcək.

Ayşən Rəhim

Bakıda İşıq festivalının açılışı olub - Fotolar
Bakıda İşıq festivalının açılışı olub - Fotolar
Bakıda İşıq festivalının açılışı olub - Fotolar
Bakıda İşıq festivalının açılışı olub - Fotolar