Bakıda Lavrovla Məmmədyarovun görüşü oldu – Fotolar+ Videobackend
Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“Yeni Gundem”in “Moskva-Baku” portalına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı məsələləri müzakirə olunub.

“Səfəriniz Azərbaycanın həyatında vacib bir siyasi hadisədir. Danışıqlar zamanı biz Qarabağ məsələsinə toxunub, Azərbaycan-Ermənistan münaqişəsinin həlli barədə danışacağıq. Sizi Bakıda görməkdən məmnunam”, -deyə E. Məmmədyarov bildirib.

Sergey Lavrov Bakıda ev atmosferini hiss etdiyini etiraf edib: “Dünən Prezident İlham Əliyevlə səmimi görüşümüz oldu. Qəbula, həqiqətən tərəfdaşlıq və dostluq münasibətinə görə sizə təşəkkür edirəm. Bir çox vacib məsələni, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları müzakirə etdik. Prezidentlər mütəmadi olaraq ünsiyyət qururlar, baş nazirlər, parlament, nazirlik və idarələr səviyyəsində razılaşmalar mövcuddur. İqtisadiyyat münasibətlərimizin təməlidir, biz Azərbaycan və Rusiya arasında ticarətin sürətlə böyüdüyünün şahidi oluruq. Düşünürəm ki, bu il qarşılıqlı ticarət dövriyyəsi 3 milyard dollara çatacaq”.

XİN rəhbərləri Dağlıq Qarabağ haqqında

Elmar Məmmədyarov: “Azərbaycan və Rusiya Dağlıq Qarabağ məsələsinin həlli yönündə daha çox irəliləməlidir. Əlbəttə ki, bu məsələ həm ikitərəfli, həm də çoxtərəfli qaydada çox böyük və ciddi bir mövzudur, çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Tamamilə əminik ki, irəliləmək lazımdır, çünki indi mövcud olan vəziyyət – nə müharibə, nə də sülh heç bir yerə aparan deyil”.

Sergey Lavrov: “Azərbaycan və Rusiya Dağlıq Qarabağ məsələsində güzəştə getməyin mümkünlüyünü dərk edir. İş o qədər də asan deyil. Bu münaqişə keçmiş Sovet İttifaqı məkanında uzun illərdir ki, qalır. Amma azərbaycanlı həmkarlarımıza Rusiyanın həm ikitərəfli, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi irəli sürdüyü fikirləri qəbul etdikləri üçün minnətdarıq. Həm bugün, həm də dünənki təmaslar, irəliləməyə necə cəhd etməyi daha yaxşı başa düşməyə imkan verdi. Ümid edirəm ki, nəticə olacaq”.

Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri Moskvanın Qarabağın azərbaycanlı və erməni icmaları arasındakı təmasları dəstəklədiyini söyləyib:

“Rusiya bu təşəbbüsün müəlliflərindən biri olub. Mən Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyam. Hesab edirəm ki, bu, çox vacibdir. İstənilən qərar bu torpaqda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Mən icmalar arasında əlaqələrin və onların bərpa olunmasının tərəfdarıyam. Yekunda Qarabağın bütün əhalisi necə yaşamaq lazım olduğunu özü qərar verməlidir”.

Bratislava görüşü

Sergey Lavrov qeyd edib ki, Bratislavada Azərbaycan və Ermənistan nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçiriləcək:

“Müvafiq görüş planlaşdırılır. Burada sənəd qəbul etməyin mümkünlüyü barədə soruşdular. Biz hər il kağız üzərində illər əvvəl tərəflər arasında təsdiq edilmiş, canlılığı və aktuallığını qoruyan əsas prinsiplərə sadiq qalmağa çalışırıq. Və alınarsa, biz Azərbaycan və Ermənistanın XİN rəhbərləri və ATƏT-in Minsk qrupunun üç həmsədrindən beş tərəfli bir bəyanat qəbul etmək istərdik. Ancaq hər halda, həmsədrlər mövqelərini kağız üzərində təqdim edəcəklər. Üümid edirəm ki, bu, beş tərəfli bir bəyanat olacaq”.