Bakıda müəllim şagirdin başını divara çırpdı, cəzalandırıldı – FOTObackend

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi idman müəllimi Kəmalə Qasımovanın zorakılığına məruz qalıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə şagirdin anası Leyla Əlizadə feysbuk profilində paylaşım edib.

Leyla Əlizadə bildirib ki, övladı idman dərsində olarkən sinif yoldaşları ilə divarda şəkil çəkən zaman həmin müəllimin zorakılığı ilə rastlaşıblar: “Belə ki, qızım, Əliyeva Leyla digər şagirdlər kimi markeri çıxarıb, nə isə çəkmək istəyəndə qızımın əlindən markeri alıb, şagirdlərin gözü qarşısında başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı.
Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi işləmişəm. Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə üstünlük verirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs, müəllim adını daşımamalıdır”.

Faktla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mətbuta bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb və 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub.