Bakıda oğul anasını taxta ilə döydübackend

Nərimanov Rayon Məhkəməsində anasını döyməkdə təqsirləndirilən Fərhad Fərhadovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

“Yeni Gündəm”-in məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib və Fərhad Fərhadov cinayət məsuliyyətindən azad edilib.

İttiham aktına görə, təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının 18-də, saat 17:30 radələrində sərxoş vəziyyətdə yaşadıqları paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evdə anası Təhminə Fərhadova (ad, soyadı şərti) ilə ailə məişət zəmnində mübahisə edib. Mübahisə zamanı o, mənzildə olan taxta stulu sındırıb, sonra evin yataq otağında stulun taxta ayaq hissəsi ilə qəsdən anasının baş nahiyəsindən bir dəfə vuraraq ona yüngül zərər vurmaya aid xəsarət yetirib.

Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.

Məhkəmə hazırlıq iclasında Fərhad Fərhadov özünü təqsirli bilib, zərərçəkmiş şəxs ilə barışdığını və ona vurduğu ziyanı tam olaraq ödəməsini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə hazırlıq iclasında Təhminə Fərhadova da oğlunun dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, bununla da ona qarşı şikayət və tələbinin olmadığını bildirib.