Bakıda sərgidə İran bayrağı mübahisəyə səbəb oldubackend

Bakıda keçirilən 7-ci Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvinin partreti altında Azərbaycan bayrağı ilə bərabər, İran bayrağının da asılması müzakirələrə səbəb olub.

“Yeni Gündəm” xəbər verir ki, tanınmış politoloq Elxan Şükürlü foto paylaşaraq, hadisəyə müsbət reaksiya verib.

O, Nizami Gəncəvini İran və Azərbaycanın “ortaq dəyərlərindən” biri kimi xarakterizə edib və bildirib ki, bizi ayırıb düşmənə çevirmək asan olmayacaq:

“Elə sonda da məhz bizi birləşdirən bu dəyərlər və sağlam düşüncə qalib gələcək! Qoy bu foto son günlər gərginləşən İran-Azərbaycan münasibətləri fonunda bir-birinin bayraqlarını aşağılayan bəzi bayraqdanxəbərsiz düşüncəsizlərə, fitnəkar və təhrikçilərə etirazım olsun!

Unutmayın ki, hər iki ölkədə bu bayraqların ucalığı üçün minlərlə şəhid verən və o bayraqlar üçün ölməyə hazır milyonlarla soydaşlarımız, din qardaşlarımız var!”

E.Şükürlü Azərbaycan-İran-Türkiyəni üz-üzə gətirib, onları düşmən etmək istəyənlərin kimliyini və niyyətlərini anlamaq üçün də çağırış edib.

Bu paylaşımdan sonra E.Şükürlünün Azərbaycan-İran-Türkiyə münasibətləri haqda istəklərini dəstəkləyənlər daha çox olub, buna baxmayaraq, Nizami Gəncəvinin sərgidəki portreti önündə İran bayrağının asılmasını anlaşılmaz adlandıranlar da haqlı etirazlarını bildiriblər.

Politoloq Taleh Şahsuvarlı da “Nizaminin İran bayrağına nə dəxli var?” deyə sual edib:

“Əsl adı İlyas olan Nizami Gəncəvi 1141-1203-cü illərdə, Böyük Səlcuq İmperiyası və Atabəylər-Eldəgizlər xanədanın ərazisində yaşamışdı, indiki dillə desək, türklərin qurduğu dövlətin “vətəndaş”ı idi. Nizaminin məşhur “Xəmsə”sindəki poemalar ardıcıllıqla Qiyasəddin Keyqubada, Atabəy Şəmsəddin Eldəgizə, Şirvanşah 1-ci Axsitana, Marağa hakimi, Ağsunqur Körpə Ələddinə, “İsgəndərnamə”nin birinci bölümü – “Şərəfnamə” Azərbaycan Atəbəylərindən Nəsrəddinə, 2-ci bölümü (“İqbalnamə”) isə Mosul hakimi Məlik İzəddinə ithaf edilmişdi.

Siz bu dövlətlər, hökmdarlar, məliklər arasında bir fars gördünüzmü?

Siz bu dövlətlər, hökmdarlar, məliklər arasında qeyri-türk (Şirvanşahın ərəb mənşəli hökmdarı xaric) bir dövlət başçısı gördünüzmü?”

Yeri gəlmişkən, sərgidəki fotonu yayan İran mediası da Nizamini ənənəvi olaraq “fars şairi” kimi təqdim edib.

Qeyd edək ki, Nizami Gəncəvinin əsərlərini farsca yazmasının onun “fars şairi” olması anlamına gəlmədiyini İran təbliğat maşını qəbul etmək istəmir. Məsələn, müasir dövrümüzdən Çingiz Aytmatov da əsərlərini əsasən rusca yazıb, Olcas Süleymenov da, azərbaycanlılardan isə Çingiz Hüseynov və Çingiz Abdullayev və s. Amma Rusiya heç vaxt onları “rus yazıçısı” kimi təqdim etməyib.

Həmin dövrdə ədəbi dil əsasən farsca olduğu üçün böyük şairlərdən də farsca yazmaq tələb edilirdi. Buna isə şairlər heç də ürəklə razı olmurdular və Nizami Gəncəvi də mənşəcə ərəb olan Şirvanşah hökmdarı Axsitanın ona müraciətində “farsca yazılmalıdır” istəyinə etirazını bildirmişdi.

Bu isə o deməkdir ki, türk əsilli Nizami Gəncəvinin türk və ərəb dillərində də əsərlərinin olması ehtimalı çox yüksəkdir. Sadəcə, dövrün tələbi o əsərlərin zamanımıza gəlib çatmasına imkan verməyib, bəlkə də qəsdən o əsərlər məhv edilib.

Bütün hallarda isə İraqda yaşayan və ərəbcə də yazan Füzulinin ərəbə dəxli olmadığı kimi (ərəblər zatən iddia da etmir, baxmayaraq ki, Füzulinin məzarı Kərbəladadır), Gəncədə doğulub yaşayan və burada da dəfn edilən Nizaminin də farsa və müasir İran bayrağına aidiyyəti yoxdur – necə ki, Azərbaycan türkcəsində yazıb-yaradan erməni aşıqlarının bizə heç bir dəxli yoxdur.

Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçıları, deyəsən, tariximizi və dəyərlərimizi – xüsusilə başqalarının iddia etdiyi dəyərlərimizi – bir daha öyrənməlidirlər.

Kult.az