Bakıda şirkət 1 binanın inşasına icazə alıb, 5 bina tikibbackend

Bakı şəhər sakini Məmişova Xalimə Qəhrəman qızı “RNQ Group” MMC şirkəti tərəfindən Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsində ona məxsus olan obyektlərin qəzalı vəziyyətə gətirildiyini iddia edir.

Bununla bağlı müraciət edən sahibkar bildirib ki, söküntü işləri 3 il bundan qabaq başlayıb: “Obyektlərimin mülkiyyət toxunulmazlığına dair 2 şəhadətnaməm, 2 texniki pasportum var. Həm fiziki, həm də hüquqi şəxs kimi vergi ödəyicisiyəm. “RNQ Group” MMC şirkəti obyektlərimi qəzalı vəziyyətə gətirərək məni 3 ildir ki, sahibkarlıq fəaliyətimdən məhrum edib, şirkət mənə külli miqdarda maddi və mənəvi ziyan vurub.

Nazirlər Kabinetinin pilot layihəyə dair 86 saylı qərarı çoxdan ləğv edilib. Ə. Əlizadə 30 ünvanında yerləşən binanın pilot layihəyə heç bir aidiyyatı yoxdur. Bu şirkət beş bina tikib doymayıb, həyətin ortasını da tikir. “RNQ  Group” MMC şirkəti Qarabağ küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində 1 binanın inşasına icazə alıb, lakin 5 bina inşa edib. Kütləvi halda əvəzi, dəyəri ödənilmədən, müxtəlif təzyiq, zorakılıq üsulları ilə mənim və digər Azərbaycan vətəndaşlarının mülklərini dağıdırlar. İnsanların əmlaklarını ucuz qiymətə ələ keçirmək üçün əvvəlcə binanı sökürlər, bu cinayətdir. Binanın yükdaşıyan divarlarını söküb obyektlərimi qəzalı vəziyyətə gətiriblər. Bu, qanunsuzluqdur. Nərimanov rayon məhkəməsinin qərarına əsasən mənim obyektlərim sökülə bilməz. Apellyasiya məhkəməsi də şikayətimi təmin edib. Obyektlərim söküntünün altında qalıb. Mənə pul, yaxud obyekt təklif edilməyib. Qarşılıqlı razılaşma olmadan belə bir qanunazidd addım atıblar”. “Qafqazinfo” sözügedən şikayətlə bağlı “RNQ Group” MMC-nin hüquqşünası Vahid Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, sahibkarın obyekti ona aid hissədə məhkəmənin qərarıyla toxunulmaz hesab edildiyindən obyektə ziyan vurulmayıb: “Onun əmlakına toxunmamışıq. 3 il əvvəl bina tikintisinə pilot layihə kimi başlamışıq.  Məhkəmədə ona obyekti ilə bağlı təkliflər vermişik. Onun qeyri-yaşayış sahəsi 88 kvadratmetrdir. Biz ona 105 kvadrat metr ərazi təklif etmişik. Əmlak qiymətləndirilib. Dəyərinin də əvvəlcədən ödəyəcəyimizi bildirmişik.

Bu şəxs bizdən binanın birinci mərtəbəsini istəyir. Hansı ki, birinci mərtəbənin ərazisi 700 kvadratmetrdir. 88- nin əvəzinə 700 kvadrat istəmək nə deməkdir? Nə istədiyini özü də bilmir. Həmin binanın qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi var. Bu səbəbdən də layihə icra edilib. Pilot layihələr isə 3 ay bundan qabaq dayandırılıb. Biz isə bundan qabaq binanın tikintisinə başlamışdıq.

Böyük kompleks tikmişik, bu, sonuncusudur. Maraqlıdır ki, 1000- ə yaxın ailənin hamısı razılaşıb, ancaq bir nəfərdən başqa. Vətəndaşlar özləri də məhkəmələrə müraciət edir ki, bir nəfərə görə başqalarının da haqları tapdalanır. Biz onu başa sala bilmirik. Onun “kupça”sının üzərinə vaxtilə yazılan məbləği məhkəmə Mərkəzi Banka sorğu göndərərək hesablatdırıb. Bildirilib ki, indiki məzənnəylə 5000 manat edir. 80 kvadratlıq obyekt 7 milyon manat pul etmir”.