Bakıda şirkət təsisçisi ilə direktor arasında dava – Səbəb 90 AS 211 nömrəli avtomobil olub…backend

Bakıda “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi şirkətin direktoru barəsində cinayət işi açdırıb və iş məhkəməyə göndərilib.

Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru, 1979-cu ildə Qusar rayonunda doğulmuş Musayev Abubəkir Əlimurad oğluna Cinayət Məcəlləsinin 320.1, 320.2 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkədə baxılıb.

Şirkətin əsl rəhbəri Nicat adlı şəxs olsa da, “Enerji İnşaat” MMC-nin qanuni təmsilçisi və direktoru Abubəkir Musayev olub. Onlar arasında alqı-satqı müqaviləsi bağlanaraq, 2018-ci ildən 2022-cin oktyabr tarixinə kimi şirkətdə birlikdə iş aparıblar. Abubəkir Musayev direktor, Nicat isə həmin tarixə kimi şirkətin təsisçisi kimi fəaliyyət göstərib.

Lakin şirkəti şərikli idarə edən dostlar arasında 90 AS 211 nömrəli xidməti avtomobilə görə mübahisə yaranıb. Onlar sözügedən dövlət nömrəsini 2018-ci ildən 2021-ci ilə kimi “Mercedes” və həmin ildən sonra “Lexsus RX 300” markalı avtomobildə istifadə ediblər. Hər iki avtombil şirkətin balansında olub.

Abubəkir Musayev Nicatdan həmin avtomobili onun adına keçirməsini tələb edib. Lakin Nicat avtomobilin şirkətin balansında olduğunu deyib və onu direktorluqdan kənarlaşdırıb.

Abubəkir Musayev avtomobili mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, şirkətdə faktiki saxlanıldığını bilə-bilə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna onun itməsi barədə yalan məlumat verməklə arayış almağa müvəffəq olub. Yeni möhürü aldıqdan sonra “Enerji İnşaat” MMC-ni öz adına təsis edib və sözügedən avtomobili şirkətin balansına keçirib.

Nicat hadisədən xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına şikayət edib və sonda məhkəmə məsələ ilə bağlı qərar verib. Qərara əsasən, Abubəkir Musayev MMC-nin təsisçiliyindən uzaqlaşdırılıb. Şirkət və avtomobil yenidən zərərçəkmişə qaytarılıb.

Məhkəmənin hökmü ilə Abubəkir Musayev barəsində açılmış cinayət işinin 320.2-ci maddəsi ilə olan hissəsinə xitam verilib. O, CM-nin 320.1-ci maddəsi ilə 3500 manat, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat cərimə edilib. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 4200 manat saxlanılıb. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin hazırda qanuni təmsilçisi Rəşad Əmirbəy oğlu Aslanovdur.