Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb – FOTObackend

İyulun 28-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan forumda torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Forumu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov açaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib. Fərid Cəfərov dövlət siyasətinin əsasını təşkil edən gənclər siyasətinin önəmini vurğulayıb, eyni zamanda həyata keçirilən bir sıra təhsil proqramları və onların əhəmiyyətindən söz açıb.

Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edib. Nazir müavini qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidiyik: “Sevindirici haldır ki, artıq ölkə hüdudlarından kənarda təhsil alan savadlı, bacarıqlı gənclərimizin sayı çoxdur. Dövlətin yaratdığı imkanlardan yararlanaraq xaricdə təhsil alan gənclərimizin öz təcrübələrini ölkəmizdəki ali təhsil ocaqlarında tələbələrlə bölüşməsi çox vacibdir.”

Daha sonra millət vəkili Kamal Cəfərov, Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli və Azərbaycan Tələbələr və Məzunlar Platformasının həmtəsisçisi və İdarə Heyətinin üzvü Səbinə Mürsəlli çıxış edib.

Qeyd edək ki, iyulun 31-dək davam edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həlləri təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir. Forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək.