Bakıda yaşayış binasında güclü partlayış: Ölən var – YENİLƏNDİ – 2backend

Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib.

Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

***

16:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən isə “Yeni Gundem”-ə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

16:06

Bakıda yaşayış binasında partlayış olub.

“Yeni Gundem” xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.