Bakıda yolayrıcını keçən DYP əməkdaşı qaydaları dəfələrlə heçə saydıbackend

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu barədə Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib. “Nərimanov rayonu, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin – red.) üstünə çıxıb, yanımda dayandı.

Sonra yenə də qaydaları kobud şəkildə pozaraq, işıqforun qırmızı işığına əhəmiyyət verməyərək, Azadlıq prospektinə doğru sola dönüb, hərəkətini davam etdi. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları – red.) yandırmayaraq…

Məncə, DYP-nin yüksək rütbəli məmuru qaydaları qəsdən dörd dəfə pozdu. Əminəm ki, polis əməkdaşları həm yol hərəkəti qaydalarına, həm də örnək olmalı olduqları sadə vətəndaşlara belə etinasızlıq nümayiş etdirməməlidirlər.

Ümid edirəm ki, belə yüksək rütbəli DYP zabiti Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütləq cəzalandırılacaq və bu faktla bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə o qeyd edib.