“Bakının sülh və dialoq məkanı kimi əhəmiyyəti artmaqdadır” – Millət vəkilibackend

Dünya üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararasıdialoq platformalarına uğurla ev sahibliyi edən Azərbaycan bütün dünyada sülhün qorunması, insan təhlükəsizliyi, mədəniyyətlərin təması məkanı kimi tanınıb. Bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı iş deyil. Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, liderlər, tanınmış elm xadimləri, alimlər, dünyanın siyasi, mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ehtiyac var. Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır, bu forumlarda aparılan müzakirələrdir, dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya əldə edilən razılaşmalardır, Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunu şərh edərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Bu baxımdan Qlobal Forum xüsusi əhəmiyyətə malikdir:

“Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı tədbirin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev də çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Cənab Prezident Qarabağ zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlara diqqətə çəkərək Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı təmin etmək üçün hazırda yaranmış fürsəti Ermənistan tərəfindən qiymətləndirilməli olduğunu və Azərbaycanın xoşməramlı təşəbbüslərini yerinə yetirməyə çağırıb. “İrəvan hökuməti ölkələrin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və Azərbaycanın təkliflərini dəyərləndirməlidir. Ermənistanın gələcəyini düşünən vasitəçi ölkələr və beynəlxalq iştirakçılar ona bu şansı itirməməyi və Azərbaycanın qaldırdığı sülh təşəbbüslərinə əmml etməyə tövsiyə etməlidir. Əks halda bölgədə yaşanan mürəkkəb proseslər Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq”.

Millət vəkili qeyd edib ki, Forumda Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əməkdaşlıq platformasının möhkəmlənməsinə verdiyi dərin töhfələrə də xüsusi diqqət çəkildi. Azərbaycanın qlobal mühitdə fundamental prinsiplər olan insan haqları, təhlükəsizlik, humanitar əməkdaşlıq, xüsusilə də COVİD-19 dövründə özünün humanizm missiyasını uğurla həyata keçirməsi, multilateralizmi inkişaf etdirməsi yönündə səylərini artırması, dünyanı narahat edən qlobal problemlərin həllində fəal mövqe nümayiş etdirməsi və beynəlxalq ictimaiyyəti narahat edən məsələlərdə obyektivliyə, dəqiqliyə, şəffaflığa sadiq qalması kimi trendlər diqqət mərkəzində oldu.

Fərahim Rəhimov