Baku Medical Plaza” klinikası ölkədə ən bahalı xidmət göstərən klinikalardandır. Amma nə maliyyə hesabatı açıqlayır, nə hər hansı KSM (korporativ sosial məsuliyyət-red.) layihəsi reallaşdırır. Bu xəstəxananın vergi ödəyiciləri sistemində də adını tapmaq müşkülə çevrilib. Bilinmir hansı ad altında qeydiyyata alınıb, vergiyə necə cəlb edilir, vergisini vaxtında ödəyirmi.
Bu haqda AFN-ə daxil olan vətəndaş müraciətində bildirilir. Hələlik adının gizlin saxlanmasını istəyən oxucumuz qeyd edir ki, ötən il yaxını “Baku Medical Plaza”da müalicə alıb: “Mən özüm uzun illər Türkiyədə yaşamışam, hazırda da orda işim var, sıx gedib-gəlirəm, övladlarım yaşayır. Bu xəstəxananın tətbiq etdiyi qiymətlər Türkiyə ilə müqayisə oluna bilər, hətta ordan da yüksəkdir. Amma yaxın adamım burda bir neçə gün müalicə olunsa da, xeyri olmadı, apardım Türkiyəyə orda sağaldı. Bu da onu sübut edir ki, klinikada qiymətlər həddən artıq şişirdilib”.
Həmsöhbətimiz bildirir ki, klinikanın icbari tibbi sığorta prosesinə qoşulmaması da ciddi suallar yaradır: “Özəl xəstəxanaların, demək olar ki, hamısı icbari tibbi sığorta prosesinə qoşulub, xəstələrə sığorta ilə xidmət göstərirlər. Amma “Baku Medical Plaza” ən böyük özəl xəstəxana olmasına baxmayaraq, hələ sığorta ilə işləmir. Niyə? Yuxarılara bağlısız deyə, rahatsız? Mən xəstəxananın saytına girib maliyyə hesabatlarına baxmaq istədim, bərbad durumdadır sayt. Demək olar ki, işlək vəziyyətdə deyil, yarımçıq açılır. Vergi ödəyicilərinin reyestrində axtardım o adda vergi ödəyicisi tapmadım. Bəlkə də başqa adla keçiblər, amma hər bir halda öz saytlarında müəyyən məlumatlar əlçatan olmalı idi, yoxdur heç nə. Maraqlandım, heç bir korporativ sosial məsuliyyət layihəsi reallaşdırmır. Bildiyim qədərilə bir tək YAŞAT Fondu ilə işləyir, o prosesdə də yarıtmır heç, nə vətəndaşları, nə Fondu. Bütün qeyd edilənlərlə bağlı hələ də araşdırma aparıram, müvafiq qurumlara sorğu ünvanlayacam, bu qədər hegemonluq olmaz! Tibb sahəsində, insanların sağlamlığına məsul olan qurumda, heç olmaz! Klinikada ölüm halları da gizlədilir. Demək olar ki, iki gündən bir ölüm halı baş verir, amma heç biri ictimaiyyətə açıqlanmır. Ört-basdır edirlər”.
Bütün qeyd edilənlərlə bağlı “Baku Medical Plaza”nın mövqeyini öyrənmək üçün klinikanın mətbuat xidmətinə aşağıdakı sualları ünvanladıq:
1. “Baku Medical Plaza”nın icbari tibbi sığorta ilə işləməməsinin səbəbi nədir? Gələcəkdə bu mümkün olacaqmı?
2. Bəzi vətəndaşlarımızda belə rəy var ki, BMP yuxarı dairələrə bağlı
olduğu üçün hegemonluq edir, icbari tibbi sığorta prosesinə də buna görə qoşulmur. Bununla bağlı nə deyə bilərsiniz?
3. Klinikanızda yüksək qiymətlərin tətbiq olunmasını nə ilə izah edə
bilərsiniz?
4. Cari ildə klinikanızda bu və digər səbəblərdən neçə ölüm hadisəsi baş verib?
5. Klinikanızın maliyyə hesabatı açıqlanırmı? Bu ilin ötən iki rübü üzrə maliyyə hesabatınızla tanış ola bilərikmi?
Sorğumuza verilən cavabı təqdim edirik:
Özəl klinikaların icbari tibbi sığorta ilə əməkdaşlığı könüllü olaraq müəyyən olunur. Bu zamana qədər əməkdaşlığın olmamasınının səbəbi qiymət strategiyası ilə bağlı olmuşdur. Lakin klinikamızın bir çox sahələrdə icbari tibbi sığorta ilə əməkdaşlığı planlaşdırılır. Hazırda bu prosesin həlli üçün müəyyən müzakirələr və araşdırmalar aparılır.