Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQbackend

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank müştərilərinə aid məlumatların dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək mənimsənildiyini aşkar edib.

Bu barədə Assosiasiyadan bildirilib.

Məlumata görə, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu müəyyən edib ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeləri naminə istifadə edirlər.

Bunu nəzərə alaraq ABA bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Bildirilib ki, bu növ dələduzluq halları ilə qarşılaşan bank müştəriləri dərhal bankla əlaqə saxlamalıdır.