Baş nazirdən yeni qərarbackend

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nı təsdiq edib.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.

Kimyəvi silahın məhv edilməsi zamanı riayət olunmalı tələblər

Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq, kimyəvi silah məhv edilərkən aşağıdakılara riayət edilməlidir:

– ətraf mühitin mühafizəsi təmin edilməli, kimyəvi silah məhv edilərkən məhv edilmə forması kimi suya salma, torpaqda basdırma və ya açıq yandırma üsullarından istifadəyə yol verilməməlidir;

– əhalinin sağlamlığı qorunmalı, kimyəvi silahın məhv edilməsində iştirak edən şəxslərin və məhv edilmə zonasının təsiri hüdudlarında olan digər şəxslərin təhlükəsizliyi təmin edilməli, məhv edilmədə iştirak edən şəxslərə zəruri qoruyucu vasitə və avadanlıqlar verilməli, həmin şəxslər təlimatlandırılmalıdırlar;

– kimyəvi silahın məhv edilməsi “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) uyğun olaraq xüsusi təchiz edilmiş, mühafizə olunan obyektlərdə həyata keçirilməlidir;

– kimyəvi silahın məhv edilməsində istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;

– kimyəvi silah məhv edilərkən onların yenidən hazırlanması və istehsal imkanı istisna edilməlidir.

– Məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı qurğuların, obyektlərin və ərazilərin fiziki və xüsusi texniki vasitələrlə mühafizəsi təmin edilməli, belə ərazilərə, obyektlərə buraxılış icazə əsasında həyata keçirilməlidir.

Kimyəvi silahın məhv edilməsi qaydası

Azərbaycan Respublikasının ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulmuş hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda ilə müəyyən edilmiş qaydada məhv edilir.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 (üç) gün müddətində bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu (bundan sonra – Milli İnspeksiya Qrupu) tərəfindən bu Qaydanın 3.3-cü bəndində göstərilən Kimyəvi Silahları Məhvetmə Komissiyasına (bundan sonra – Komissiya) verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan məlumat alındıqdan sonra 10 (on) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan (bundan sonra – Plan) hazırlanır və onun surəti 2 (iki) gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.

Plan aşağıdakı məlumatları özündə əks etdirməlidir:

– kimyəvi silahın adı, növü və miqdarı barədə məlumatlar;

– məhv edilməsi nəzərdə tutulan kimyəvi silahın saxlanıldığı obyektin adı, yeri, texniki və digər təhlükəsizlik tədbirlərinin təmin olunması barədə məlumatlar, habelə onun saxlanmasını təmin edən təşkilatın (müəssisənin) adı;

– kimyəvi silahın məhv edilməsində istifadə olunacaq metodlar;

– kimyəvi silahın məhv edilməsini həyata keçirəcək heyətin müvafiq peşə hazırlığına malik olması ilə bağlı məlumatlar;

– Konvensiyada nəzərdə tutulmuş digər məlumatlar.

Milli İnspeksiya Qrupu Planın surətini aldıqdan sonra 3 (üç) gün müddətində həmin sənədi və Konvensiyada nəzərdə tutulmuş digər məlumatları Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilata (bundan sonra – Təşkilat) təqdim edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (bundan sonra – Xarici İşlər Nazirliyi) göndərir.

Kimyəvi silahın məhv edilməsinə qədər Konvensiyanın tələblərinə uyğun olaraq saxlanılmasına Milli İnspeksiya Qrupu tərəfindən nəzarət olunur.

Planda qeyd olunan məlumatları yoxlamaq, habelə kimyəvi silahın saxlanılması və məhv edilməsi ilə bağlı müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət etmək məqsədilə Təşkilatın inspektorları tərəfindən Konvensiyaya uyğun olaraq inspeksiyalar aparılır. Təşkilatın inspektorlarının Konvensiyada nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi Milli İnspeksiya Qrupu və müvafiq dövlət orqanları tərəfindən təmin olunur.

Kimyəvi silahların məhv edilməsi, o cümlədən prosedurlar və müddətlərlə, habelə kimyəvi silahların məhv edildiyi obyektlərlə bağlı Konvensiyada nəzərdə tutulmuş imperativ normalara riayət edilməlidir.

Təşkilat tərəfindən kimyəvi silahın Plana uyğun məhv edilməsinə razılıq verilməsi ilə bağlı rəsmi məlumat daxil olduqdan sonra 5 (beş) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi barədə qərar qəbul edilir.

Kimyəvi silahın məhv edilməsi barədə qərarda aşağıdakılar göstərilir:

– kimyəvi silahın adı, növü və miqdarı;

– kimyəvi silahın məhv edilməsi nəzərdə tutulan obyektin adı, yeri, texniki və digər təhlükəsizlik tədbirlərinin təmin olunması ilə bağlı məlumatlar;

– kimyəvi silahın məhv edilməsini həyata keçirəcək təşkilatın (müəssisənin) adı;

– kimyəvi silahın məhv edilməsində istifadə olunacaq metodlar;

– kimyəvi silahın məhv edilməsini həyata keçirən şəxslər və onların müvafiq peşə hazırlığına malik olmaları barədə məlumatlar;

– kimyəvi silahın məhv ediləcəyi tarix;

– kimyəvi silahın məhv edilməsi ilə bağlı nəzərdə tutulan xərclər barədə məlumat;

– kimyəvi silahın məhv edilməsi ilə bağlı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumatlar.

Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi prosesində iştirak etmək üçün digər dövlət orqanlarının (qurumların) nümayəndələri, habelə yerli və xarici ekspertlər dəvət edilə bilər.

Kimyəvi silah məhv edildikdən sonra 2 (iki) gün müddətində Komissiya tərəfindən bu Qaydanın əlavəsində göstərilən formada akt tərtib olunur.

Bu Qaydanın əlavəsində göstərilən akt Komissiyanın üzvləri və ekspertlər tərəfindən imzalanır və aktın surəti Milli İnspeksiya Qrupuna təqdim olunur. Aktın surəti Milli İnspeksiya Qrupu tərəfindən Təşkilata təqdim edilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilir.

Xarici İşlər Nazirliyi aktın surətini Konvensiya ilə müəyyən edilmiş qaydada və müddətdə Təşkilata təqdim edir.

Kimyəvi silahın məhv edilməsinə nəzarət

Kimyəvi silahın məhv edilməsinə nəzarət Milli İnspeksiya Qrupu tərəfindən həyata keçirilir.

Milli İnspeksiya Qrupu:

– kimyəvi silahın məhv edilməsi ilə bağlı tələblərə riayət olunmasına nəzarət edir;

– kimyəvi silahın məhv edildiyi obyektlərin təhlükəsizliyinə dair norma və qaydalarla, habelə bu obyektlərin texnoloji təchizatı, texniki və istismar sənədləri ilə tanış olur, ehtimal olunan riskləri qiymətləndirir, çatışmazlıqların aradan qaldırılmasını tələb edir;

– kimyəvi silahın məhv edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulmuş şəxslərin seçilməsinə, yoxlanılmasına və təlimatlandırılmasına nəzarəti həyata keçirir.