Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilirbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Gündəm”-ə bildiriblər ki, oktyabrın 20-21-də Sankt-Peterburqda hibrid formatda BPA-nın İcraiyyə Komitəsinin 52-ci iclası və 26-cı illik ümumi yığıncağı keçirilib. Tədbirlərdə Baş prokurorlar daxil olmaqla, prokurorluq orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Hər iki iclasda ölkəmiz Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.
Oktyabrın 20-də İcraiyyə Komitəsinin açılış iclasında Assosiasiyanın müvafiq komitələrinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan hesabat və sənədlər müzakirə edilib.

İclasda çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

BPA-nın icraçı direktoru xanım Yanne Holst Hübner tərəfindən ölkəmizin Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi qeyd edilməklə Respublika Baş Prokurorluğunun BPA-nın fəaliyyətində verdiyi dəyərli töhfələrə görə təşəkkür ifadə olunub.
Bundan əlavə, BPA-nın Baş konsulu Qari Len Balç tərəfindən Assosiasiyanın elektron səhifəsinin mühüm bölümü olan Korrupsiyaya Qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) fəaliyyətinin təkmilləşdirilməsində Azərbaycan Prokurorluğunun aparıcı rolunu və hərtərəfli dəstəyini vurğulamaqla bu sahədə tərəfdaşlığın uğurla davam etdiyini bildirib.
İcraiyyə Komitəsinin iclası çərçivəsində Türkiyənin Baş Prokurorluğu tərəfindən 2023-cü ildə BPA-nın 10-cu Şərqi Avropa və Orta Asiya Regional Konfransının İstanbulda keçirilməsinə dair irəli sürülüb. Həmin təklif müzakirəyə çıxarılıb və Konfransın 2023-cü ilin mayında Türkiyədə keçirilməsinə dair qərar qəbul edilib.

Assosiasiyanın oktyabrın 21-də keçirilmiş 26-cı Ümumi Yığıncağında BPA-nın prioritet istiqamətləri üzrə görülən işlər nəzərdən keçirilib, habelə qurumun Maliyyə nəzarəti və Çətin vəziyyətdə olan prokurorlar komitələrinin protokolları qəbul edilib. Eyni zamanda, həmin komitələrin tərkibi ilə bağlı səsvermə aparılmaqla, BPA-nın İcraiyyə Komitəsinə hazırda müvafiq regionlarda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin qəbulu həyata keçirilib.
Ümumi Yığıncaq zamanı keçirilmiş müvafiq seçkilər nəticəsində 2010-cu ildən etibarən BPA-nın İcraiyyə Komitəsinin üzvü, 2018-ci ildən etibarən isə vitse-prezidenti vəzifəsini daşıyan Baş prokuror Kamran Əliyev növbəti dəfə üç illik müddətə BPA-nın vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilib.

Bununla yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil olunan müxtəlif iclas və sessiyalara qatılaraq, müzakirələrdə fəal və səmərəli iştirak edib, eləcə də bir sıra xarici ölkələrin prokurorluq əməkdaşları və beynəlxalq təşkilatların üzvləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçiriblər.