İlkin Süleymanovun məhkəməsinə vəzifəli şəxslər çağırıldı – Yeni faktlarbackend

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

“Yeni Gundem” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iş üçün əhəmiyyət kəsb edən bir sıra sənədlərə baxış keçirilib.

Prosesdə İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Əlibaba Rzayev cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil Zabil Qəhrəmanovun sözlərinə görə, cinayət işinin materiallarında göstərilib ki, müstəntiq İlkinin telefonunu tədqiq etmək məqsədilə Arzu Daşdəmirova verib.

Qeyd edilib ki, Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İlkin Süleymanovun telefonunda müxtəlif vaxtlarda “youtube” şəbəkəsində cizgi filmlərinə, intim xarakterli videolara baxış olduğu iddia olunur.

Vəkillər bildirib ki, İlkin 6 yanvar 2020-ci ildə axşam saat 20.00 radələrində saxlanılıb, o vaxtdan telefonu əlindən alınıb: “Mümkündür ki, o vaxtdan telefona müxtəlif formada müdaxilələr edilib, müxtəlif sayt və şəbəkələrə daxil olunaraq, saxta sübutlar yaratmağa cəhd göstərilib. 8 yanvarda müstəntiqə ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Kamal Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı il yarımdır ki, bu məhkəmə prosesində hallanır, müstəntiqə və İlkin Süleymanova təzyiq göstərdiyi bildirilir. İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər”.

Vəsatət açıq saxlanılıb.

Bundan əvvəlki iclasda aparıcı Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatətin isə təmin olunmadığı elan olunub.

Məhkəmə vacib hesab olunan vəsatətləri hazırlamaq üçün vəkillərə 13 gün vaxt verib.

Proses dekabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

APA