Baş Prokurorluq yanlış müalicə nəticəsində koronavirusdan öldüyü bildirilən qadınla bağlı məlumat yaydıbackend

Vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlaşmışdır.

Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat etmiş Asya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınmışdır.

Araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməmişdir.

Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.