Baş prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMAbackend

Bəzi kütləvi informasiya vasitələrində Fərəcov Pərvin Zakir oğlunun guya prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

Baş Prokurorluqdan “Yeni Gündəm”ə bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Prokurorluqdan bildirilib ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

Qeyd edək ki, Pərvin Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğludur.