BDU-da Apellyasiya Komissiyası fəaliyyətini uğurla başa vurubbackend

Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVID-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı.

Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının məsafədən baş tutmasına əsas verdi. Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurası COVID-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü “SABAH” qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahanda iştirak edib. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın və obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib. Universitetin bütün fakültələrində keçirilən imtahanların gedişi Apelyasiya Komissiyası tərəfindən izlənib.

Bu barədə “Yeni Gündəm”-ə BDU-dan məlumat verilib. Bildirilib ki, sessiya ərzində qərargaha 153 elektron müraciət daxil olub, onların əksəriyyəti tələbələrin xeyrinə həll edilib. Müraciətlərin 104-ü təbiət, 49-u humanitar fakültələrin payına düşüb.
İmtahanların onlayn keçirilməsinə baxmayaraq, tələbələr və professor-müəllim heyəti arasında tam demokratik şərait yaradılıb, obyektiv qiymətləndirmə aparılıb. Apelyasiya Komissiyasının sədri, AMEA-nın müxbir üzvü, BDU-nun Botanika kafedrasının müdiri Elşad Qurbanov aparılan maarifləndirmə işləri ilə yanaşı, professor-müəllim heyətinin obyektivliyi nəticəsində imtahan sessiyası müddətində komissiyaya müraciət edən tələbələrin sayının kəskin surətdə azaldığını qeyd edib.

Universitetin professor-müəllim heyəti onlayn dərsləri yüksək səviyyədə keçməklə yanaşı, imtahan sessiyasının da öhdəsindən müvəffəqiyyətlə gəliblər.