BDU-da “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” təqdim olundubackend
Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabatın hazırlanması” layihəsi uğurla başa çatmış və hesabat Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.
BDU-nun professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları və əcnəbi nüfuzlu hüquqşünas-alimlərin – ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə hazırlanmış Hesabatın bu gün BDU-da təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasiminidə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdəki diplomatik korpusların təmsilçiləri, BDU-nun professor-müəllim heyəti, eləcə də xarici ölkələrdən nüfuzlu hüquqşünas alimlər iştirak etmişdir.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən söz açaraq, öz dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın bu möhtəşəm Zəfərdən sonra öz doğma yurdlarına qayıtmaq imkanı əldə etdiklərini bildirmişdir.
Qeyd etmişdir ki, ötən rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra BDU-da başlayan akademik layihələrdən biri də “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabatın hazırlanması” layihəsidir. Beynəlxalq hesabatın hazırlanmasında əsas məqsəd – təqribən 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsidir. Ermənistanın təcavüzünə məruz qalmış və uzun müddət işğal olunmuş Azərbaycan ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan azad olunandan sonra əsas hüquq və azadlıqları beynəlxalq sənədlərlə tanınır və onların pozulmuş hüquqları bərpa edilməlidir.
Hesabat hazırlanarkən beynəlxalq təşkilatların təcrübəsinə, beynəlxalq müqavilə və məhkəmə təcrübəsinə, nəhayət müxtəlif dövlətlərin milli qanunvericilik təcrübəsinə geniş istinad edilmişdir.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, Hesabatın işçi qrupunun həmsədri Əmir Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Barış Sayqın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə, Hesabatın işçi qrupunun həmsədri Turqay Hüseynov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Elnur Aslanov və İşçi qrupunun üzvü Samirə Mərdanlı çıxış edərək kompleks beynəlxalq hesabatın əhəmiyyəti haqqında öz fikirlərini bildiriblər.
İşçi qrupunun üzvləri – Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin professoru, hüquq elmləri doktoru Leonid Timçenko, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru, hüquq elmləri doktoru Aron Salimqerey, Türkiyə Ankara Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Cavid Abdullazadə tədbirə videobağlantı ilə qoşularaq hazırlanan hesabatın Azərbaycan Respublikasının məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası işi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Çıxış edən natiqlər Azərbaycan məcburi köçkünlərinin bir sıra mühüm hüquq və azadlıqlarının 30 il Ermənistan tərəfindən kütləvi, sistematik və kobud şəkildə pozulduğunu, dünyada məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına dair mövcud olmuş beynəlxalq təşkilati mexanizmlərin həmin təcrübədən istifadə edilməklə və beynəlxalq sənədlərin müddəaları əsas tutulmaqla Azərbaycan məcburi köçkünlərinin hüquqlarının da bərpasına dair spesifik beynəlxalq təşkilati mexanizmin yaradılmasını tam şəkildə şərtləndirdiyini qeyd ediblər.
Hesabat giriş, ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım və s. kimi bölmələrdən ibarətdir. Hesabatın nəticə hissəsində Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası ilə yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara da bir sıra təkliflər edilmişdir. Hesabatda ilk dəfə olaraq Azərbaycan tarixi, dini və mədəniyyət abidələrinin ingiliscə siyahısı da verilmişdir.
Hesabat beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatlar, xarici dövlətlərin müvafiq dövlətdaxili qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən insan hüquqları sahəsində tədqiqatlar aparan elmi-tədqiqat müəssisələri və tədqiqatçılar, Azərbaycanın müvafiq dövlət qurumları və təhsil müəssisələri üçün təcrübi baxımdan əhəmiyyətli mənbədir.
Qeyd edək ki, Azərbaycan və ingilis dillərində nəşr olunmuş hesabatın bütün beynəlxalq hökümətlərarası və qeyri-hökümət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif dövlətlərin dövlət və qeyri-hökümət qurumlarına göndərilməsi nəzərdə tutulur.