BDU valideynlərə müraciət etdibackend

Bu gün Bakı Dövlət Universitetində (BDU) əyani tədris prosesinə başlanılıb. BDU Elmi Şurasının qərarı ilə, COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə, mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu, habelə 2021-ci ildən başlayaraq BDU-da “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqi ilə mühazirə dərsləri onlayn formada keçirilməsi üçün müvafiq şəraitin olduğunu nəzərə alaraq, mühazirə dərsləri onlayn forma­da, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.

Universitetdən “Yeni Gündəm”-ə verilən məlumata görə, əyani formada dərslər iki növbədə olmaqla keçiriləcək. Bunun üçün də auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə ediləcək.

Əyani formada dərslərdə iştirak edəcək tələbə və müəllimlərin sağlamlığının qorunması, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət olunması üçün bütün zəruri tədbirlər görülüb. Tədris binalarında profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur.

BDU-nun giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılmışdır. Universitetə daxil olan hər bir əməkdaş və tələbənin COVID-19 pasportu yoxlandıqdan sonra quraşdırılmış cihazlar vasitəsilə hərarəti yoxlanılır, dezinfeksiya tunellərindən keçdikdən sonra tədris binalarına daxil olmalarına icazə verilir.

Hər bir fakültədə, auditoriyalarda, həyətyanı ərazidə əməkdaş və tələbələrin sosial məsafəni qorumasına, sanitariya-gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur.

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə tələbələrlə mütəmadi maarifləndirici tədbirlərə başlanılıb.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunması, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə tələbə valideynlərindən BDU-nun qarşısında toplaşmamaq xahiş olunur.