“Belə göstəricilər biabırçılıqdır”backend

“Sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə “Speedtest Global Index” indeksi açıqlanıb. Sabit internet sürətinə görə Azərbaycan 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb, mobil internet sürətinə görə isə 137 ölkə arasında 66-cı yeri tutub. XXI əsrdə, dünyanın onlayn sistemə keçdiyi bir dövrdə belə göstəricilər biabırçılıqdır, belə internet sürəti ilə hələ distant təhsil, onlayn dərslər keçirmək istəyirlər”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, məhz bu səbəbdən 2020-ci ildə ölkənin böyük bir hissəsində məktəblilər onlayn təhsildən məhrum oldular: “Bunun fəsadlarını hələ illər sonra daha kəskin hiss edəcəyik. Dəyərinə gəldikdə isə, Azərbaycanda internet bölgəmizdə ən baha qiymətə olan xidmətlərdən biridir, Azərbaycanda 100 mbit/s internet 44,64 dollardır. Gəlin, müqayisə edək:

Eyni həcmli internet Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Moldovada 9,66 dollar, Qazaxıstanda 11,21 dollar, Belarusiyada 12,96 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda 33,79 dollardır. Azərbaycanda internet qiymətləri Ukraynadan 7 dəfə bahadır.

Ölkədə bu xidmətin qiyməti bəzi Avropa ölkələrindən də bahadır, məsələn: Macarıstanda 10,32 dollar, Bolqarıstanda 13,88 dollar, Latviyada 14,19 dollar, Finlandiyada 17,91 dollar, Litvada 19,73 dollar, Çexiyada 23,57 dollar, İspaniyada 33,11 dollar, Avstriyada 39,79 dollardır. Yəni, həm qiymət baha, həm sürət azdır. Qiymətin yüksək, sürətin isə az olmasının əsas səbəbi inhisarçılıqdır, rəqabətsizlikdir. Bu, ölkənin bütün sahələrində “xroniki xəstəlikdir””.