Beynəlxalq Elmlər Akademiyası Vüqar Əhmədi təbrik etdibackend

Beynəlxalq Elmlər Akademiyası Azərbaycan şairi, ədəbiyyatşünası Vüqar Əhmədin 60 yaşı münasibətilə təbrik edib.

“Yeni Gundem” Beynəlxalq Elmlər Akademiyasının təbrik məktubunu təqdim edir:

“Beynəlxalq Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas-şair Vüqar Mikayıl oğlu Əhmədin 60 yaşı tamam olur

Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində M.Müşfiq adına 18 nömrəli orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1990-cı ildə isə həmin Universitetin aspiranturasını bitirmişdir.

Əmək fəaliyyətinə 1984-cü ildə dil-ədəbiyyat müəllimi kimi Qobustan rayonunun Dərəkənd kəndində başlamış, sonralar “Novruz” qəzetində və “Azərbaycan dünyası” nəşriyyatında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsində sədr müavini vəzifələrində çalışmış, 1987-2006-cı illərdə Azərbaycan Teleradiosunda məsul vəzifələrdə işləmişdir.

Hazırda elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisitika” şöbəsinin müdiri kimi davam etdirir.

Diqqətəlayiq akademik karyerası ilə elmi-pedaqoji ictimaiyyətin hörmət və ehtiramını qazanmış filologiya elmləri doktoru, professor Vüqar Əhməd namizədlik dissertasiyasını 1992-ci, doktorluq dissertasiyasını 2005-ci ildə müdafiə etmişdir. Onun elmi-ədəbi yaradıcılığının hüdudları çox genişdir. Elmi tədqiqatlarının nəticələrini “Rus uşaq ədəbiyyatı və Azərbaycan”, “Mircəfər Pişəvəri: onun həyatı, mühiti və yaradıcılığı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Ədəbi tənqid”, “Şeyx Məhəmməd Xiyabani”, “Elmi-filoloji araşdırmalar” və digər əsərlər, dərsliklər, kitablar və 500-dən çox elmi və publisistik məzmunlu məqalələr səciyyələndirir. Əsərləri Türkiyə, Yunanıstan, Almaniya, Gürcüstan, İran və başqa ölkələrdə çap olunmuşdur. Rusiya, Türkiyə, İsveç və İranda keçirilən konfranslarda Azərbaycanı bir alim kimi təbliğ etmişdir.

Görkəmli alim Beynəlxalq Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının və Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki, Dünya Söz Akademiyasının akademiki, Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü kimi yüksək akademik titullara layiq görülmüşdür. O, ədəbiyyatşünaslıq üzrə bir sıra dissertasiya şuralarının üzvü və elmi rəhbər kimi elmi kadrların hazırlanmasına səmərəli və məhsuldar fəaliyyəti ilə seçilir.

V.Əhmədin elmi fəaliyyəti ölkəmizin ictimai-ədəbi mühitdə və musiqi həyatındakı yaradıcı fəaliyyəti zənginləşdirir. O, 10 şer kitabının, 4 romanın, 500-dən çox mahnının sözlərinin, həmçinin də musiqisinin müəllifidir. “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” romanı, “Qaradağlılar” roman-trilogiyası, “Anam mənim”, “Şuşanın dağları başı vüqarlı”, eləcə də Məmmədəmin Rəsulzadəyə həsr olunmuş “Son nəfəsə qədər Azərbaycan” əsərləri V.Əhmədin ədəbi yaradıcılığında xüsusi yer tutur. Azərbaycan televiziyasında onun rəhbərliyi ilə yüzlərlə teleradio verilişi hazırlanmış, ATV kanalında redaktoru olduğu möhtəşəm muğam layihəsi böyük rəğbətlə qarşılanmışdır.

V.Əhməd Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Beynəlxalq Yazıçılar və Turan Beynəlxalq Yazıçılar Birliklərinin, Rusiya Dərbənd Yazıçılar Birliyinin, “Muğam” Birliyinin üzvüdür. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq” Yaradıcılıq Birliyinin sədri, “Azad Azərbaycan” Teleradio Şirkəti Bədii Şurasının, həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti Dini Komissiyasının üzvü olmuş, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini kimi fəaliyyət göstərmişdir. Uzun illərdir Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.

“Turanın xalq şairi” fəxri adına layiq görülmüş alim-ədibin mükafatları sırasında “Türk dünyasına xidmət” beynəlxalq qızıl ulduz ordeni də vardır. O, 2019-cu ildə Hindistanın Kəlküttə şəhərində keçirilən dünya səviyyəli Antologiyada “Ayın şairi” seçilmiş, 2021-ci ildə Urmiyada “Rezavvi” beynəlxalq şer festivalının və 2021-ci ildə ABŞ-ın Texas ştatında beynəlxalq şer müsabiqəsinin qalibi olmuş, bir sıra digər mükafatlar, fəxri diplomlarla təltif edilmişdir”.

Fərahim Rəhimov