Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ölkəyə könüllü qayıdan miqrantlara reinteqrasiya yardımını genişləndirirbackend

Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-in) Azərbaycan nümayəndəliyinin “Könüllü qayıdışa yardım və reinteqrasiya” layihəsinin əməkdaşları BMT-nin ölkədəki idarə heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq, “COVID-19” infeksiyası yayılmazdan əvvəl mənşə ölkəsinə könüllü qayıdan Azərbaycan vətəndaşlarına ayrılmış reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər.

BMqT-in ölkəmizdəki nümayəndəliyindən “Yeni Gündəm” ə bildiriblər ki, mayda bu sahələr üzrə statistik rəqəmlər cari ilin əvvəlində olan göstəricilərə çatdırılıb. Mayda “Könüllü qayıdışa yardım və reinteqrasiya layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27-si nümayəndəlikdə və 12-si virtual olmaqla görüşlər keçirib və 31 qeyri-nağd yardımı çatdırıblar. Bu müddətdə 5 nəfər mənzil təminatı, 1 nəfər tibbi yardım, 6 nəfər kiçik biznesin təşkili və 19 nəfər maddi yardımla təmin olunub.
Cari ilin fevralından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 nəfərə mənzil təminatı, 13 nəfərə kiçik biznesin təşkili, 57 nəfərə maddi yardım və 5 nəfərə tibbi yardımla bağlı kömək göstərilib.
Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir. Təhsilin keyfiyyətinin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı, reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.